Müsavat seçkidə iştirakdan imtina etdi
15-12-2023 16:43 / Bu xəbər 1297 dəfə oxundu
Dekabrın 15-də Müsavat Partiyası Divanının iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən "Arqument.az"a verilən məlumata görə, iclasda əvvəlcə Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun uydurma ittihamlarla həbsi ilə bağlı məsələ müzakirə olunub.
Bu həbs Müsavat Partiyasına və bütövlükdə müxalifətə təzyiq etmək, cəmiyyət xof yaratmaq məqsədilə atılan repressiv addım kimi dəyərləndirilib.
Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə partiyanın bəyanatı qəbul edilib.
Azərbaycanda son həftələr ərzində 10-dan artıq jurnalistin, o cümlədən "Turan” agentliyinin əməkdaşı Hafiz Babalının həbsi ölkədə söz və media azadlığına qarşı basqıların davamı kimi qiymətləndirilərək pislənilib.
Bütün siyasi məhbusların və sifarişlə həbs edilən jurnalistlərin azadlığa buraxılması tələb edilib.
İclasda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri müzakirə olunub.
Qeyd edilib ki, bir qayda olaraq seçkilərdə iştirak edən Müsavat Partiyası Azərbaycan hakimiyyətini seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığınını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb. Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib.
Hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib.
Seçki kampaniyasının qəfil elan olunması ilə seytnot vəziyyətinin yaradılması bu seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur.
Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq, fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.