Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

19-05-2024 00:07 / Bu xəbər 951 dəfə oxundu

O, partiyanın hakimiyyətin tədbirinə qatılmasını yanlış qərar adlandırıb

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib.

Bu barədə Müsavat Partiyasından Meydan TV-yə məlumat verilib.

Bildirilir ki, Vəfa Cümşüdlü Müsavat Partiyasının son addımlarına, konkret olaraq Prezident Adminstrasiyasının təşəbbüsü ilə baş tutan dialoq platformasında iştirakına etiraz edərək bu qərarı verib.

Mayın 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, ədliyyə və maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

AXCP istisna olmaqla, Müsavat, Müasir Musavat, REAL, Haqq Ədalət, Demokratik İslahatlar, Böyük Quruluş, Ümid, Klassik Xalq Cəbhəsi və digər partiyalar qatılıb.

Tədbirdə Müsavat Partiyasını Gülağa Aslanlı təmsil edib.

Aslanlı ötən gün Meydan TV-yə açıqlamasında deyib ki, tədbirdə iştirakı qurultaydan öncə Divanın qəbul etdiyi qərar əsasında gerçəkləşib.

Vəfa Cümşüdlü Meydan TV-yə istefa verdiyini təsdiqləyib və artıq üzvü olduğu Sumqayıt təşkilatına müraciət etdiyini də deyib.

O qeyd edib ki, indiyə qədər dialoqda iştirak edən partiyaların qaldırdığı heç bir problem hakimiyyət tərəfindən həll edilməyib, əksinə, ölkədə vəziyyət daha da pisləşib, siyasi məhbusların sayı 300-ə çatıb.

Cümşüdlü belə bir şəraitdə Müsavat Partiyasının tədbirə qatılmasını yanlış sayır.

Ona görə də hesab edir ki, belə şərtlər altında fəaliyyətini davam etdirməsi mümkünsüzdür.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Meydan TV-yə deyib ki, Vəfa Cümşüdlünün istefa verməsindən xəbərsizdir.

"Vəfa Cümşüdlünün istefa ərizəsini görməmişəm deyə şərh verə biləmərəm”, – deyə o qeyd edib.

Tarixçə

1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb.

Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib.

2014-cü ilə kimi partiyaya İsa Qəmbər rəhbərlik edib.

2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib və o, 2024-cü ilədək partiyaya rəhbərlik edib.

2024-cü il mayın 4-də Bakının Əmircan qəsəbəsindək Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının XI Qurultayı keçirilib.

Qurultayda İsa Qəmbər 10 ildən sonra ikinci dönəm partiyanın başqanı seçilib.