Müxalifət gəncləri necə qazana bilər, ümumən qazana bilərmi?
19-04-2024 00:06 / Bu xəbər 1357 dəfə oxundu
Mete Türksoy
Biz bütün günü müxtəlif müxalif partiyaların gəncləri qazanmaq istəyindən, siyasətindən danışdığını görürük. Amma onlar da öz müstəvilərindəki güc zəhərlənməsindən xilas olaraq bir dəfə olsun düşünüblərmi ki, niyə gənclər onlara qoşulmalıdır?
Gənclərin onlara qoşulmasının nəticəsində ilk başda həbs, polis təzyiqi təhlükəsi, ardınca özünün, yaxud valideynlərinin işdən çıxarılması, heç kimin iş verməməsi təhlükəsi baş verir. Belə məqamda gənclər niyə axı sizə qoşulmalıdırlar?
Bəli, hər bir cəmiyyətdə idealist insanlar var, amma quru idealizm də bir yerə qədərdir. O da bir yerdən sonra nə qarın doydurur, nə də prestij gətirir. Heç bir insan artıq 25 yaşı keçdiyində, ətrafındakı yaşıdları müxtəlif formalarda öz yaşamlarnı təmin edərkən, miskin, səfil həyat yaşamaq istəməz.
O, heç cazibə mərkəzinə də, prestij subyektinə də dönməyəcək, halbuki onun bir müxalif subyekti olaraq, digər özü kimi potensial gəncləri öz cazibəsinə çəkmək, əhatəsinə almaq baxımından cazibəli olması çox önəmlidir.
Amma müxalifətçiliyi miskin səfilliklə, ömür itkisi, hətta bir çoxlarının gözündəki tüfeyliliklə assosiasiya edən gənclərə qoşulmaq istərlərmi? Əlbəttə, heç kim istəməz, hər kəs özünü daha yaxşılar ilə identikləşdirmək, daha yaxşıların parçası olmaq istəyir, bu sübut gərəkdirməz insan təbiətinin aksiomasıdır.
Belə bir məqamda miskin müxalifət öz miskinliyinə son vermək üçün nə etdi? Heç nə.
Əksinə öz miskinliyinə sarılıb travmatik asketik mazoxistlər kimi acılarından həzz almağa, acılarını, miskinliklərini qəhrəmanlaşdırmağa, fəxr etməyə başladılar.
İllərlə də bunu etdilər. Ölkədə hamının tanıdığı iki təşkilat yarandı; biri partiyaya çevrildi, digəri olduğu kimi qaldı, onlar müxtəlif iş adamlarının, yaxud maddi problemlərlə çox da üzləşməyən savadlı "cool" gənclərin təşkilatları idi, odur ki, bir cazibə mərkəzi yarada bilmişdilər. Və bu səbəblə də öz pik dövrlərində çox səs-küylü yeni aktiv simaları ətraflarına toplaya bildilər, siyasi sfera, demək olar, onların diktəsi ilə hərəkət etdi, əsl cazibə mərkəzi, prestij örnəyi oldular.
Sonra zamanla işdən, univerisitetdən qovulmalar, ya iş həyatına atılmalar gerçəkliklə üzləşdirdi və bu son buldu. Nəticədə onlar satıldılar, ya hökumətə, ya da iş həyatının, real həyatın qayğılarına.
Qısaca, problem nədir?
Problem budur ki, 30 illərin müxalifətləri ilə yanaşı, son illərin müxalifətləri də oturub müxalifət camiəsi üçün iqtisadi azadlıq və təminat barədə bir yol xəritəsi düşünmədi ki, bu da gənclərin təhlükəsizliyini təmin edəcək bir şey olsun.
Bu gün bir müxalif gənc iş tapa bilmirsə, ya işdən qovulursa, sən onun sosial-maddi təminatını edə bilmirsənsə, o zaman gəlişigözəl mərdlik, igidlik, qəhrəmanlıq kimi içi boş pafoslu, populist, rəzil sözlərlə nə ondan nəsə gözləməlisən, nə də özündən, öz partiyandan, təşkilatından hansısa uğur gözləməlisən.
Sən dərk etməlisən ki, avtoritar, diktatorial, despot idarəetməyə qarşı döyüşə başlamadan uduzmusan.
P.S. Mövzunu genişləndirmək olar, amma əsas fikir, məncə, aydındır.
Redaksiyadan: Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. "Arqument.az"ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.