Naxçıvanda COP29-la bağlı dövlət konfransını fevralda açılan mebel mağazası təşkil edib
23-10-2024 01:24 / Bu xəbər 586 dəfə oxundu
Dövlət qurumları ilə həm fiziki, həm də hüquqi şəxs kimi 500 000 manatdan çox satınalma müqaviləsi imzalayan Zaur Əjdərov müsabiqədə qalib gəlməyində nazirlikdə şöbə müdiri işləyən qardaşının heç bir rolunun olmadığını bildirib
Avqustun əvvəlində Naxçıvan Muxtar Respublikasında BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-la bağlı dövlət tədbiri keçirilib. Naxçıvan Biznes Mərkəzində baş tutan tədbirdə iqlim dəyişikliyinə səbəb olan amillərin aradan qaldırılması, alternativ enerjidən istifadə və s. kimi mövzular müzakirə olunub.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Prezident İlham Əliyevin Naxçıvandakı nümayəndəsi Fuad Nəcəfovun da iştirak etdiyi bu konfransın təşkili üçün 14 466 manat vəsait ayrılıb.
Naxçıvan MR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə fiziki şəxs Əjdərov Zaur Məhərrəm oğlu arasında satınalma müqaviləsi tender keçirilmədən imzalanıb.
"Abzas Media” reyestr məlumatlarını araşdırarkən məlum olub ki, Vergilər Nazirliyinin bazasında tender müqaviləsində göstərilən vergi nömrəsi üzrə fiziki şəxs mövcud deyil. Tenderin qalibi olan Zaur Əjdərova aid olduğu yazılan vergi nömrəsi əslində "Lusso Mebel Dekorasiya" Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir.
Reyestr məlumatlarına baxanda aydın olub ki, 2024-cü il fevralın 23-də Naxçıvan şəhəri, məhəllə 54, ev 14 ünvanında qeydiyyatdan keçirilən "Lusso Mebel Dekorasiya" MMC-nin qanuni təmsilçisi də elə Zaur Əjdərovun özüdür.
Zaur Əjdərov dövlət satınalmalarına qatılmazdan əvvəl və sonra
Foto: sosial media
"Lusso Mebel Dekorasiya" MMC qeydiyyata alınandan 4 ay sonra ard-arda Naxçıvan MR-da 6 dövlət qurumu ilə dəyəri ümumilikdə 357 946 manat olan satınalma müqavilələri imzalayıb. Müəssisələrin göstərdiyi xidmətlərə mebel və avadanlıqların alınması, tədbirlərin təşkili daxil olub.
Zaur Əjdərov həm də fiziki şəxs kimi müxtəlif dövlət qurumlarının elan etdiyi 190 000 manatlıq tender müsabiqələrinin qalibi olub.
Onun Naxçıvandakı dövlət müəssisələri ilə təmasları ötən ildən başlayıb. 2023-cü ildə Naxçıvan MR xəstəxanasını fiziki şəxs kimi 31 min manatlıq mebellə təmin edən Əjdərov mebel müəssisəsini qeydiyyatdan keçirəndən sonra həm də elə fiziki şəxs qismində də bir- birinin ardınca dövlət qurumlarının keçirdiyi müsabiqələri udub.
COP29 konfransının təşkili ilə bağlı müqavilədə qalibin adı xanasında Zaur Əjdərov qeyd edilsə də, sonrakı xanaya "Lusso Mebel Dekorasiya" MMC-nin VÖEN nömrəsi daxil edilib. Zaur Əjdərov "Abzas Media”ya müsahibəsində bunun texniki yanlışlıq olduğunu deyib.
Zaur Əjdərov əlavə edib ki, o, həm mebellər hazırlayır, həm də səhnə dekorasiyasını təşkil edir. Tək dövlət yox, özəl sifarişlər, məsələn, toyların təşkilini də həyata keçirir: "Biz həm də istehsalçıyıq. İki işi də görə bilirik, tədbirlər üçün bizim əlimizdə səhnə monitorumuz, səs sistemimiz mövcuddur. Ona görə mebel işi olanda onu edirik, dekorasiya işi olanda da onunla məşğul oluruq”.
"Abzas Media” Naxçıvan MR-nın dövlət qurumlarında çalışan şəxslərin kimliyini araşdırarkən Zaur Əjdərovla eyni soyadı daşıyan daha bir nəfərə rast gəlib. Bu şəxs Naxçıvan MR-nın Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyində şöbə müdiri vəzifəsində çalışan Etibar Əjdərovdur. Nazirlikdən onun qurumun İnformasiya-kommunikasiya texnologiyaları və rəqəmsallaşma şöbəsinə rəhbərlik etdiyi bildirilib.
Zaur Əjdərov Etibar Əjdərovun onun qardaşı olduğunu təsdiqləyib. Eyni zamanda bildirib ki, biznesinin qardaşı ilə heç bir əlaqəsi yoxdur, qardaşının dövlət qurumlarının keçirdiyi tenderlərin nəticələrinə təsir imkanları isə mümkün deyil.
"Satınalma ilə bağlı necə xəbər tutdunuz?” sualının cavabında Zaur Əjdərov deyib: "Bu gün hər şey şəffafdır, dövlətimiz tenderə çıxardır satınalmaları, hər kəs öz təklifini verir və uyğun olan seçilir. Mən Naxçıvanda yaşayıram, belə şeylər olanda xəbərim olur. Həmin tenderlə bağlı sənədləri və təklifləri istəyəndə qiymət demişdim. Qiymətim uyğun olduğu üçün seçilmişəm”.
COP29-la bağlı konfrans yuxarıda qeyd etdiyimiz kimi açıq tender və təkliflər sorğusu yolu ilə yox, bir mənbədən satınalma üsulu ilə imzalanıb.
MR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müqavilənin imzalanması üçün Zaur Əjdərova birbaşa müraciət edib və satınalma müqaviləsinin detalları gizlədilib.
Üstəlik, bu, Əjdərovun nazirliklə imzaladığı ilk müqavilə olmayıb. Bu müqavilədən iki həftə öncə o, fiziki şəxs qismində MR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə dəyəri 31 275 manat olan suvarma sistemlərinin satın alınmasına dair daha bir tender müqaviləsi imzalayıb.
"Korrupsiya haqqında” Qanunun 9.3.3-cü maddəsində qeyd olunur ki, vəzifəli şəxsin elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiya ilə əlaqədar hüquqpozma halıdır.
Bəs Zaur Əjdərova məxsus müəssisənin Naxçıvan MR-nın dövlət qurumlarının tenderlərində qalib gəlməsində nazirlikdə işləyən qardaşının hər hansı rolu olubmu?
Naxçıvan MR-nın Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin əməkdaşı olan Etibar Əjdərovun Zaur Əjdərov və mebel dükanı ilə heç bir əlaqəsi yoxdur.
Müqavilə hansı hallarda bir mənbədən satınalma üsulu ilə imzalanır?
"Dövlət satınalmaları haqqında" Qanunda isə deyilir ki, satınalma müqaviləsi ancaq satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda, satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda, satınalma predmetinə təcili tələbat yarandıqda və ya tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olanda tender keçirilmədən bağlana bilər.
Bundan başqa, tenderdə iştirak haqqı qazan tərəflərin satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, texniki imkanlarının və maddi-texniki bazasının, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması tələb edilir.
Açıq mənbələrdə "Lusso Mebel Dekorasiya" MMC-nin bu tələblərə cavab verdiyinə dair hər hansı məlumata rast gəlinmir.
Zaur Əjdərov həm mebel, həm də səhnə dekorasiyasının hazırlanması ilə məşğul olduqlarını desə də, onun həm fiziki, həm də hüquqi şəxs kimi mebel müəssisəsinin adından qatıldığı və qalib gəldiyi tenderlər, əsasən, mebel avadanlıqlarının satın alınması xidməti ilə bağlı olub.
Naxçıvan MR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə COP29-la bağlı konfransın satınalma müqaviləsinin niyə məhz "Lusso Mebel Dekorasiya" MMC ilə bağlandığına dair suallara aydınlıq gətirməyib. Qurum "Abzas Media”nın suallarına yazı dərc olunanadək cavab verməyib.