Nazim Bəydəmirli 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb
25-12-2024 02:07 / Bu xəbər 80 dəfə oxundu
Fəridə Bəydəmirli bildirir ki, həyat yoldaşının səhhətində yaranmış xəstəlikləri müalicə etmək üçün heç bir ciddi addım atılmayıb
Keçmiş deputat, iqtisadçı hazırda həbsdə olan Nazim Bəydəmirli Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasından 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial şəbəkədə yazıb.
"Nazim zəng vurub, dedi ki, 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Mən bu gün Qaradag rayonunda yerləşən həbsxanaya Nazimi ziyarətə getdim. Karantində olduguna baxmayaraq sağ olsunlar, ərzaq və görüşə icazə verdilər. Şəraitinin olduqca bərbad olmağı bir yana, Nazim hazırda ən qəddar cinayətkarlarla – 20-25 il azadlıqdan məhrum olunmuş iyirmi məhkumla bir otaqda qalır”, – Fəridə Bəydəmirli deyir.
Bildirir ki, 2023-cü ildən Nazim Bəydəmirlinin səhhətində yaranmış xəstəlikləri müalicə etmək üçün heç bir ciddi addım atılmayıb: "Onun ürəyində yaranmış problem öz ciddiliyini qoruyur. Nazimi ən agır şəraitdə saxlamaq onu ölümə tərk etməkdir. Buradan Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova müraciət edirəm, Nazim Bəydəmirlinin səhhətindəki problemləri və yaşadıgım ünvanda cəzaçəkmə müəssisəsinin 40 kilometr uzaq olmagını nəzərə almagınızı və çox gec olmadan həyat yoldaşımın başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə göstəriş verməyinizi xahiş edirəm”.
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü ilin iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib.
Digərinə görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib.
Lakin o, ittihamların heç birini qəbul etmir, özünü "ekologiya məhbusu” sayır.
Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.
Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.
Nazim Bəydəmirli özü də "Bandotdel”ə çağırılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.