Nazim Bəydəmirlinin vəkili: “Onun həbsi siyasi motivlidir"
29-04-2024 17:00 / Bu xəbər 715 dəfə oxundu
10 aydır ki, həbsdə olan keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin məhkəməsi başlayıb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Aprelin 29-da onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Nazim Bəydəmirlinin vəkili Aqil Layıc müvəkkilinin hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.
Vəkil bildirib ki, əslində, Nazim Bəydəmirli haqqında cinayət işinə xitam verilməlidir. Çünki cinayət işi qanunsuz və əsassızdır, onun həbsi üçün heç bir əsas yoxdur.
Sabiq deputat iki nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
İttihama əsasən, hadisələrdən biri 1996-cı ildə Rusiyada baş verib.
Vəkil bildirib ki, hədə-qorxu ilə tələbetmədən söhbət gedə bilməz.
Üstəlik, 1996-cı ildə olduğu iddia edilən hadisəyə görə indi adamı həbs etmək absurddur.
"Onun həbsi siyasi motivlidir. Gədəbəy hadisələri ilə bağlı kimsə qurban getməli idi, Nazim Bəydəmirli qurban verildi”, – Aqil Layıc bildirib.
Nazim Bəydəmirli həmçinin şirkətdə şərik olduğu digər səhmdar Ədalət Bağırovu onun haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, pul tələb etməkdə ittiham olunur. İttihama görə, o, 50 min manat tələb edib.
Nazim Bəydəmirli isə bildirib ki, bu ittiham yalandır.
Onun sözlərinə görə, Ədalət Bağırovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Hətta Baş Prokuror və Daxili İşlər nazirinin qəbulunda da olub. Amma şikayətləri nəticə verməyib: "Ədalət Bağırovdan, hətta öz qardaşı, əmisi oğlu da şikayət eləmişdi…”.
O əlavə edib ki, şirkətin səhmlərinin 30 faizinə sahib olsa da, ona əmlakından istifadə etməyə imkan verilmirdi: "Malımı nə sata bilirəm, nə yaxın buraxırlar”.
Təqsirləndirilən iş adamının sözlərinə görə, 2023-cü il iyulun 4-də o, şikayətinin nəticəsilə maraqlanmaq üçün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gedib, lakin orada özünü saxlayıb, ittiham irəli sürüblər.
O vurğulayıb ki, siyasi fəaliyyətinə görə həbs olunmayıb. Lakin hesab edir ki, səbəb 2023-cü il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində əhalinin etirazları ilə bağlı səsləndirdiyi fikirlər ola bilər:
"Həbsimin səbəbini təxmin edirəm. Mən kimisə təhqir eləməmişəm. İqtidar və müxalifətə eyni məsafədə olan adamam. Siyasi mənsubiyyətim yoxdur. Dövlətimə, vətənimə sədaqətli insanam. Mən siyasi məhbus deyiləm. Ekologiya məhbusu ola bilərəm. Siyasi fəaliyyətimə görə həbs olunmamışam. Gədəbəy hadisələrinə görə ola bilər… Müəyyən maraqlı qrupların mənim adımdan istifadə etməsini istəmirəm”.
Yaxın günlərdə 61 yaşı tamam olacağını deyən Nazim Bəydəmirli deyir ki, həbsindən sonra səhhətində problemlər yaranıb.
Məhkəmə vəkilin qaldırdığı vəsatətləri təmin etməyib. Nazim Bəydəmirlinin işi məhkəmə baxışına verilib. Məhkəmə mayın 13-nə təyin edilib.
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.
Digərinə görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib. Lakin o, ittihamların heç birini qəbul etmir.
Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.
Nazim Bəydəmirli özü də "Bandotdel”ə çağırılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.