Nazirlik deputata məxsus olduğu deyilən şirkətə 260 min ödəyəcək

Nazirlik deputata məxsus olduğu deyilən şirkətə 260 min ödəyəcək

18-07-2024 22:49 / Bu xəbər 754 dəfə oxundu

Səhiyyə Nazirliyi səyyar klinikaların tibbi avadanlıqla təchiz edilməsin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

"Qaynarinfo" xəbər verir ki, tenderin qalibi "Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. 

Şirkətin təklif etdiyi qiymət 260 849 manatdır. Bu, ehtimal olunan qiymətdən 3 122, 5 manat azdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 10 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.

Famil Rəhimlidən əvvəl şirkəti Qafarov Elman Cabbar oğlu, ondan əvvəl isə Qafarov Hüsaməddin Şəmsəddin oğlu təmsil edib. 

Hər iki şəxsin deputat Kamaləddin Qafarovla yaxın qohumluq əlaqələrinin olduğu bildirilir.

Bundan başqa, 2020-ci ilədək "Azəri Med” QSC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşib. 

Mediada gedən məlumatlara görə, bu ünvanda Kamaləddin Qafarov da qeydiyyatdadır.

Bütün bunlar şirkətin Kamaləddin Qafarova məxsus olması barədə şübhələri artırır.

Kamaləddin Qafarov deputat seçilənədək Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən tenderlər barədə məlumatlara nəzər salarkən "Azəri Med”in əsasın MOM-un satınalma müsabiqələrində qalib seçildiyi aydın olur.

Kamaləddin Qafarov V və VI çağırış Milli Məclisin deputatıdır. O, 2015 və 2020-ci illərdə keçirilən parlamen seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi 9 saylı Binəqədi İkinci Seçki dairəsindən deputat seçilib. YAP sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində də Kamaləddin Qafarovun namizədliyini irəli sürüb.

Mediada gedən məlumatlardan aydın olur ki, Kamaləddin Qafarovun biznesi "Azəri Med” QSC ilə məhdudlaşmır. "AzeriMed Tibbi Market”, "Zəfəran” apteklər şəbəkəsi və "Zəfəran Hospaital” və "Shafran” şirkətinin də deputata məxsus olduğu iddia edilir. 

Yeri gəlmişkən, "Shafran”ın da qanuni təmsilçisi Hüsaməddin Qafarovdur.

Qanunvericiliyə görə, deputatın bizneslə məşğul olması qadağandır.