Nazirlik layihəsinə 300 min ayırdığı xəstəxananın tikintisinə nə qədər xərcləyəcək?

Nazirlik layihəsinə 300 min ayırdığı xəstəxananın tikintisinə nə qədər xərcləyəcək?

23-08-2023 01:14 / Bu xəbər 697 dəfə oxundu

Bakıda 4 saylı Uşaq Vərəm Sanatoriyasının söküldüyü bildirilir. 

Məlumata görə, sanatoriyanın yerində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanası tikiləcək. 

Bununla bağlı Səhiyyə Nazirliyi yeni xəstəxananın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.

Bildirilir ki, nazirlik artıq satınalma müsabiqəsini yekunlaşdırıb. 

Tenderin qalibi isə "BİMD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.

Yeni xəstəxananın layihə-smeta sənədləri Səhiyyə Nazirliyinə 295 800 AZN-ə başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "BİMD” QSC 28 dekabr 2018-ci ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 8-də yerləşir. 

QSC-nin qanuni təmsilçisi Qarayev İlkin Malik oğludur.

"BİMD” QSC 17 noyabr 2020-ci ilədək MMC kimi fəaliyyət göstərib. 

Həmin tarxidə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib. 

Şirkətin rəsmi veb-səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, "BİMD” QSC BİM (Building İnformation Modeling – Binaların İnformasiya Modelləşdirilməsi) texnologiyalarını tətbiq edən ilk şirkətlərdəndir.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "BİMD” QSC tenderlərdə fəal iştirak edir.

QSC 2021-2023-cü illər ərzində dövlət qurumlarından 3 403 542, 9 AZN dəyərində sifariş alıb. 

Satınalma müqavilələrinin hamısı layihə-smeta sənədlərinin hazırlanması ilə bağlıdır.

QSC-nin qanuni təmsilçisi İlkin Qarayevə gəlincə, açıq mənbələrdə onun barəsində heç bir məlumata rast gəlinmir.(qaynarinfo.az)