Nazirliyi tənqid edən fəal həbs olunub
23-10-2023 14:54 / Bu xəbər 863 dəfə oxundu
İctimai fəal Zəka Mirağayev 10 gün əvvəl saxlanıb.
Bu barədə oktyabrın 21-də fəalın yaxınları məlumat verib.
Yaxınlarının sözlərinə görə, Z.Mirağayev oktyabrın 11-də saxlanıb: "Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsi artıq onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib".
Onlar qeyd ediblər ki, fəal özünü təqsirli bilmir və həbsi yazdığı açıq məktubla əlaqələndirilir.
Həmin məktubda onun Daxili İşlər Nazirliyinin rəhbərliyini tənqid etdiyi bildirilir: "Məktubu sosial şəbəkələrdə yazanın səhərisi gün gəlib evdən aparıblar".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan "Turan"a bildirilib ki, iddialar əsassızdır və şəxsi mülahizələrdir: "Zəka Mirağayev barəsində araşdırma aparılır, araşdırma çərçivəsində o, saxlanılıb. Onun yaxınlarının iddiaları araşdırma predmeti olduğu üçün tövsiyə edilir ki, istintaqa müraciət etsinlər".
Məsələ ilə bağlı Səbail Rayon Məhkəməsi ilə danışmaq mümkün olmayıb.