Nəcməddin Sadıqovla Mais Bərxudarovun dindirilməsi tələb olunur
23-02-2024 02:07 / Bu xəbər 655 dəfə oxundu
Hərbçilərin apelyasiya şikayətinə baxılır
2017-ci ilin mayında Tərtərdə yüzlərlə əsgər və zabitə kütləvi şəkildə işgəncə verilərkən paralel şəkildə Beyləqanda da yaşanmış bənzər hadisələrlə bağlı hökmdən apelyasiya şikayəti verilib.
Beyləqan işgəncələrinə görə biri general olmaqla, ümumilikdə 5 nəfər həbsdədir. Onlar Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin bu cinayət işini obyektiv araşdırmadığını deyirlər.
Beyləqan hadisələrinə görə cəzalandırılan 5 nəfər bunlardır: Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin keçmiş rəisi, 2017-ci ildə Beyləqan korpusunda qərargah rəisi işləmiş general-mayor Bəkir Orucov, nazirliyin Hüquq İdarəsinin təhqiqatçısı olmuş, hadisələr baş verəndə Beyləqana ezam edilən İntiqam Məmmədov, Beyləqan korpusunun təhqiqat bölməsinin sabiq rəis müavini Rahib Məmmədov, snayper bölüyünün keçmiş komandiri, polkovnik-leytenant Ziya Kazımov və korpusun təlimatçısı Ülvi Rəşidov.
Bakı Hərbi Məhkəməsinin hökmüylə İntiqam və Rahib Məmmədovlar 6 il 6 ay, general da daxil olmaqla, digər 3 nəfər isə 9 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar bu hökmü qanunsuz və əsassız hesab edir, Beyləqandakı işgəncələrə, o cümlədən bir nəfər zabitin – leytenant Adil Sabirlinin ölümünə aidiyyətləri olmadığı halda, haqsız cəzalandırıldıqlarını bildirirlər.
Onların şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılır. Hakim Elmar Rəhimovun sədrliyilə keçirilən ilkin iclasda məhkəmə təqsirləndirilən şəxslər və onların vəkilləri bir sıra vəsatətlər qaldırıblar.
Vəkil Bəhruz Bayramov təqsirləndirilən şəxslərin məhkəmə önündə qandallı vəziyyətdə saxlanmasına etiraz edib.
Vəkil bildirib ki, qandallı vəziyyətdə mühakimə olunan şəxslərdən biri – polkovnik Ziya Kazımovun torpaqların işğaldan azad olunmasında müstəsna xidmətləri olub: "Ziya Kazımovun istər 2020-ci ildə 44 günlük müharibədə, istərsə də 2023-cü ilin sentyabrında anti-terror əməliyyatlarında müstəsna xidmətləri olub. Bu adam yaralı vəziyyətdə döyüşüb, Şuşanın azad olunmasında onun birbaşa rolu var. Yaxud da 2023-cü ilin sentyabrında anti-terror əməliyyatlarında Ziya Kazımovun xidmətləri hərbi sahədə çalışanlara məlumdur. Belə bir adamı heç bir sübut-dəlil olmadığı halda, ona aidiyyəti olmayan cinayətə görə 9 il 6 ay azadlıqdan məhrum ediblər. Məhkəmədə heç kim demədi ki, Ziya mənə işgəncə verib. Əgər bu məhkəmə də işə Bakı Hərbi Məhkəməsi kimi yanaşacaqsa, o zaman heç vaxt itkisinə ehtiyac yoxdur, birdəfəlik qərarı elan eləyin”.
Vəkil əlavə edib ki, generalın da qandallı vəziyyətdə saxlanması doğru deyil.
Bundan sonra hakim qandalların açılmasına göstəriş verib.
Vəkillərin əsas narazılığı həm də ondandır ki, Bakı Hərbi Məhkəməsinin sədri Beyləqan hadisələrinin obyektiv araşdırılması üçün lazım olan addımları atmayıb. Vəkillər bu hadisələrdə birbaşa rolu olmuş vəzifəli şəxslərin çağırılıb dindirilməsi barədə dəfələrlə vəsatətlər qaldırsalar da, məhkəmə təmin etməyərək, həmin adamları dindirməkdən imtina edib.
Vəkillər eyni vəsatətləri apelyasiya məhkəməsində də qaldırıblar. Müdafiəçilər bildirib ki, bu adamlar dindirilmədən obyektiv, ədalətli qərar çıxarmaq mümkün deyil. Çünki Beyləqan korpusunda hərbçilərin sorğu-suala çəkilməsi, işgəncəyə məruz qalması birbaşa korpus komandiri Mais Bərxudarovun, onun müavini Elşad Əbilovun göstərişi və nəzarəti ilə həyata keçirilib. Lakin bu şəxslər nəinki cinayət məsuliyyətindən kənarda qalıb, hətta çağırılıb şahid qismində də dindirilməyib.
Vəkillər keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovun, korpus komandiri, general-leytenant Mais Bərxudarovun, Elşad Əbilovun məhkəmədə dindirilməsi barədə yenidən vəsatət qaldırıblar. Onlar həmçinin apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını – şahidlərin və zərərçəkmişlərin dindirilməsini, sübutların araşdırılmasını istəyiblər.
Lakin Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası qaldırılan vəsatətlərin heç birini təmin etməyib. Şikayətlərə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verilib. Hakim bildirib ki, əgər prosesin gedişində zərurət yaransa, qismən istintaq keçirilməklə baxıla bilər.
Məhkəmə baxışı fevralın 28-nə təyin olunub.
2017-ci ildə Beyləqanda xəyanət şübhəsiylə 60-dan çox hərbçiyə işgəncə verildiyi iddia olunur. Nəticədə zabitlərdən biri – leytenant Adil Sabirli həyatını itirib.
Təqsirləndirilən general Bəkir Orucov məhkəmədə bildirib ki, istər Tərtər, istərsə də Beyləqandakı işgəncələrdən Müdafiə naziri Zakir Həsənovun, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqovun və nazirlikdəki başqa yüksək vəzifəli şəxslərin hamısının xəbəri olub.
Onun sözlərinə görə, Beyləqan korpusunun rəhbəri Mais Bərxudarov həmin hadisələrə birbaşa nəzarət etdiyi halda, tamamilə kənarda saxlanılıb. Bəkir Orucov deyir ki, indi həmin adamların əvəzinə onları qurban verirlər.(Meydan TV)