Nədən qorxursunuz: 5-ci kalondan?
26-01-2016 02:13 / Bu xəbər 1673 dəfə oxundu
Səxavət Soltanlı,
Müsavat başqanının müavini
Ölkənin (hakimiyyətin) əsas gəlir mənbəyi neft olduğu üçün məcburi olaraq neft bizim də əsas mövzumuza çevrilib.
Ölkədə elə bir durum yaradıblar ki, "Neftin qiyməti ucuzlaşdı" yazmaq sankı vətənə xəyanət, "Neft bahalaşdı" yazmaq yüksək xidmətdir.
Bəzi mətbu orqanlar neftin 1% bahalaşmasını elə dəhşətli hadisə kimi manşet edirlər ki, deyirsən, görəsən, nə olub.
Elə mətbuat orqanları var ki, (jurnalistləri demirəm) neft xəbərlərini vermə(mə)yi də (qiymət ucuzlaşanda vermirlər, qalxanda verirlər) yarınmaq üçün fürsət bilirlər. Bəzi mətbu orqanlar isə sadəcə, qorxudan dərc etmirlər.
Artqı hər kəs başa düşür: neftin qiymətinin düşməsi əsasən Rusiya ilə bağlı məsələdir, Azərbaycanla deyil. Biz indi iqtisadi müharibəyə şahidlik edirik. Neftin ucuzlaşması Rusiyanın və rusyayanlıların zəifləməsi deməkdir.
Təbii ki, yarıtmaz siyasətin nəticəsində biz də bundan maddi olaraq zərər çəkirik, daha doğrusu, bizim hakimiyyət...
Xalq olaraq xeyrimizədir!
Bəli, nəhayət, ayılacağıq, neftin deyil, insanın əhəmiyyətini başa düşəcəyik, neftin deyil, təhsilin vacib olduğunu dərk edəcəyik, demokratiyanın və azadlıqların əhəmiyyətini hər kəs anlayacaq... Başqa gəlir gətirən sahələri düşünəcəyik, başımızı işlətməyə başlayacağıq. Nəticədə zəhmətə və biliyə əsaslanan bir cəmiyyətə çevriləcəyik. Bu, gec-tez olacaq.
Amma bu prosesdə əsas qazancımız olan Azərbaycanın müstəqilliyinə təhlükə yaradan, həmçinin torpaqlarımızın işğalına və işğalda qalmasına səbəb olan Putin hakimiyyətinin, imperialist təfəkkürün zəifləməsi neftin qiymətindən asılıdırsa, nədən neft ucuzlaşanda sevinməyək?
Rusiyanın zəifləməsi birbaşa neftin qiymətinə bağlıdırsa, siz nədən narahatsınız?
2 gündür ki, "Neft bahalaşdı" deyib toz qoparanlar haradadır? Neft ucuzlaşır, rus valyutası sürətlə ucuzlaşır, amma səsiniz gəlmir...
Niyə xəbər etmirsiniz: "Neft yenidən ucuzlaşdı"?
Kimdən qorxursunuz: 5-ci kalondan?..












