Nifrət. Nöqtə dörd, nöqtə üç...
09-12-2024 20:21 / Bu xəbər 543 dəfə oxundu
Yalçın İmanov
Hüquqşünas
234.4.3; 178.3.2; 206.3.2; 182.2.3; 221.2.2. Hə, biri də var: 274.
Son illərin əsas trendi bu rəqəmlərdi. Sözsüz ki, başqaları da var.
Bu çox nöqtəli rəqəm kaleydeskopu Azərbaycanda qadağan olunmuş ləyaqətli fəaliyyətin qısa cinayət-hüquqi xarakteristikasıdır.
İndi həmin rəqəmləri, rəqəmdən və nöqtələrdən çıxarıb, ayırıb, sadə yazı dilinə çevrisək, belə alınır təxminən, məsələn, narkotik vasitələrin satış məqsədilə külli miqdarda qanunsuz dövriyyəsi və ya küllü miqdarda ziyan vurmaqla törədilən dələduzluq.
Başqa biri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq, digəri - zor tətbiqi ilə hədə-qorxu ilə tələb etmə…
Gəldik, ən ağırına, 274-ə, yəni dövlətə xəyanətə.
Dövlətə xəyanət bu kaleydeskopa daxil olan digər rəqəmlərdən fərqli olaraq, nöqtəli deyil, yəni onun tövsifedici əlamətləri yoxdur, vur-tut bir bənddən ibarətdir. Onun ağırlaşdırıcı əlamətlərinin olmaması, xəyanətin elə özünün, quruca adının belə ən ağır olması üçün kifayət etməsi mənasına gəlir. Hər mənada…
Yeri gəlmişkən, bu rəqəmin əvvəlki – uzaq sovet dövründə qəbul edilmiş Azərbaycan SSR cinayət qanunvericiliyində adı "vətənə xəyanət” olub. Ancaq biz, biçarə azərbaycanlılar, "dövlət”ə çevrilən "vətən”in dövlətliliyini görməsək də, çoxlu sayda "dövlətə xəyanət” rəqəmlərinin şahidi olduq.
Hələ mən heç dövləti görməyənlərin, öz səfil, sərgərdan həyatında onu hiss edə bilməyənlərin dövlətə transformasiya olunmuş "vətən” adlı anlayışa təbii nihilist münasibətini bir yana qoyuram. Çünki bu, tamam başqa bir söhbətin mövzusudur. İndi nöqtəli, çoxsaylı rəqəmlərin şousudur, zalım rəqəmlərin zamanıdır.
İndi o rəqəmlərdən hər biri Azərbaycanda ən işıqlı bir adamın adı, soyadı, ölkəni qatı qaranlıqdan işığa çıxarmağa çalışan inadkar fəaliyyəti ilə assosiasiya olunur.
Tutaq ki, 178.3.2 deyəndə - dəhşətli paradoks olsa da, adamın ilk ağlına Tofiqlə Rüfət gəlir.
221.2.2-lə rastlaşanda Bəxtiyar xatırlanır, 206.3.2-ü görəndə "Abzas”çılar, "Toplum”çular, "Meydan”çılar göz önündən vüqarla keçir.
234.4.3-ü eşidəndə iki nəfərin Familin qoluna girib, onun heysiz bədənini məhkəmənin iclas zallarına qalxan giriş qapısının düz qarşısına sürmüş avtomobilin qabaq oturacağında zorla əyləşdirməsi düşür, Əhsənin vur –tut 20 günlük azadlıqdan sonra 7 illik zindanın xəstə elədiyi canının ağrılarından qovrula-qovrula növbəti həbsinə göndərilməsi, bu azmış kimi ən sinik şəkildə, heç bir ləyaqət və vicdan hissi keçirmədən narkomaniyadan məcburi müalicəyə cəlbi lent kimi gəlib keçir.
182.2.3 rəqəminə təsadüf edəndə, Azərin başdan ayağa ziyalı siması parıldayır.
İndi bu rəqəmlər, təkcə, ən işıqlı insanlarla assosiasiya olunmur, həm də o işıqlı insanların gözəl ömürlərini gəmirib-çeynəməklə, həmçinin gəmirib-çeynəməyə start verməklə diksindirir.
Beləcə, Cinayət Məcəlləsinin qanunsuz dövriyyəsi, nöqtəli rəqəmlərin cəngəllikdə vəhşi rəqsi: dörddə üç, üçdə iki, ikidə üç, ikidə iki!..
İstəsəniz, lap tərsinə də sadalamaq da olar: ikidə iki, ikidə üç, üçdə iki, dörddə üç və s.
Müstəqil Azərbaycanın geridə qalan tarixində bu qədər nəcib simanın eyni vaxtda ən ağır, çox nöqtəli rəqəmlərin aşkar və meydan oxuyan şəri altında qaranlığa atılması dövrünü xatırlamaq müşküldür.
...Nifrət, nöqtə dörd, nöqtə üç...
Bu nifrətin başqa tövsifedici əlamətləri də ola bilər.