Nigar Həzi: "Prokuror deyib ki, Tofiq Yaqublu residivistdir"

Nigar Həzi:

25-06-2020 00:55 / Bu xəbər 1838 dəfə oxundu

Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun apelyasiya şikayəti təmin edilməyib. 

Bu gün Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovdun sədirliyində baxılıb. 

Məhkəmə qapalı şəkildə keçirilib. 

Məhkəmədə T.Yaqublu özü də iştirak edib.

Məhkəmə vəsatəti qəbul etməyib və qərarı qüvvədə saxlayıb. 

Bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat yayıb: "Apelyasiya məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etmədi və qərarı qüvvədə saxladı.

Dövlət ittihamçısı Tofiq Yaqublunun həbsdə saxlanmasını belə əsaslandırıb: "O, residivistdir. Dəfələrlə cinayət törədərək həbsdə olub".

Tofiq Yaqublu: "Əsl cinayətkar sizsiniz. Əliniz neçə günahsız insanın həbsində var və buna görə də mütləq cinayət məsuliyyətinə cəlb olunacaqsınız.

Məhkəmə zalına isə mülkü geyimlilər gətirilibmiş. Vəkil Aqil Layıcın etirazından sonra hakim onları məhkəmə zalından çıxarıb".

Nigar Həzi Toplum TV-yə açıqlamasında həm pandemiya, həm də məhkəmənin qapalı şəraitdə keçirilməsi səbəbindən məhkəmədə iştirak edə bilmədiyini bildirib: "Amma məhkəmədə mülki geyimlilər olub. Onlar zərərçəkənin yaxınları, ailə üzvü deyil, iştrakları tamamilə qanunsuz idi. Bu haqda vəkil etirazını bildirdikdən sonra onlar çıxarılıb”.

Vəkil Aqil Layıc T.Yaqublu özünü təqsirli bilmədiyini bildirib: "Biz bildirdik ki, həbsin uzadılması üçün maddi və prosessual əsaslar yoxdur. Bu fikrimizi də əsaslandırdıq. Amma məhkəmə şikayətimizi təmin etmədi. Tofiq Yaqublu ilk gündən təqsirsiz olduğunu, sifarişlə həbs edildiyini bildirir".

Vəkil əlavə edib ki, istintaq dövründə T.Yaqublunun həbsdə saxlanması qərarından artıq Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

Tofiq Yaqublu martın 22-də həbs olunub. 

Ona qarşı CM-nin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. 

İddiaya görə, T. Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdədə 30 günlük inzibati həbs cəzası almışdı. 

Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Zülfiyyə Quliyeva