Niyə kütləvi informasiya vasitələri yox, məhz media?
08-07-2021 00:20 / Bu xəbər 6167 dəfə oxundu
Cəmil Həsənli
Hakimiyyət sosial şəbəkələrə, sosial mediaya "qanuni” yollarla tələ qurur, yeni "Media qanunu” adı altında onu boğmağın "hüquqi” əsaslarını hazırlayır.
İlham Əliyevin media islahatlarında xoruzun quyruğu görsənir. Onun sərəncamı əsasında «Media haqqında» Azərbaycan Respublikası Qanunun layihəsi hazırlanıb.
Qanunun layihəsinin adına diqqət yetirin: "Media haqqında”.
Niyə "Kütləvi İnformasiya Vasitələri haqqında" yox, məhz "Media haqqında?"
Birincisi, Kütləvi İnformasiya Vasitələrinin qanunluq elə bir halı qalmayıb, repressiv metodlarla onun axırına çıxılıb. Görüntü üçün qalanlar da bir şeyə yaramır. Olmayan bir şey haqqında qanuna nə ehtiyac var.
Şahənşah dövründə İran ruznamələrinin oxucuları cümhuriyyət dövrü Azərbaycan mətbuatının oxucularından çox idi. Bir əsr yarım bundan əvvəl "Əkinçi” regionlarda daha geniş yayılırdı, nəinki İlham Əliyevin böyük maliyyə yardımı göstərdiyi qəzetlər.
Qəzet yardımla yaşamaz, onu oxucu yaşadar. Bu oxucu da yoxdur. Ona görə yoxdur ki, ələbaxan mətbuatda oxucunu maraqlandıran bir şey yoxdur. Hökumət qəzetləri saxta tender elanları yaymaq və müzəffərin dəmir yumruğunu nümayiş etdirməkdən başqa bir şeyə yaramır. Bir müddət əvvəl biz Bakının qəzet köşklərində (oxu xırdavat ticarət məntəqələrində) maraqlı bir monitorinq apardıq. Vaxtı ilə Əli Həsənovun budkaları kimi məşhurlaşan bu köşklərin hər biri heç bilirsiniz ayda nə qədər qəzet satır?
Orta hesabla cəmi-cümlətanı 100 manatlıq. Bu 100 manatın da 40 manatı nəşriyyata, 40 manatı yayım şirkətinə, vur-tut 20 manatı mətbuata çatır. Orta hesabla Bakı şəhərində 250-300 belə köşk varsa indi özünüz hesablayın çap mətbuatının toplam satışdan gələn aylıq gəliri nə qədərdir?
Deməli, hökumət mətbuatın bazarın öldürür, amma yeni qanunda vahid mərkəzdən vəsiqə verdiyi jurnalistlərə güzəştli kreditlər və digər sosial güzəştlər vəd edir.
Əvvəla, dövlətdən güzəştli kredit alıb asılılığa düşən jurnalist hökumətin fəaliyyətinə ictimai nəzarət funksiyasını necə yerinə yetirəcək?
İkincisi, hökumətin güzəştli kredit vermək imkanı varsa onu niyə şəhid ailələrinə, hər gün social çətinliklər ucbatından intihar xəbərini eşitdiyimiz qazilərə deyil, jurnalistlərə verməlidir?
Küçə-metro satışı yox, rayonlar qəzet üzünə həsrətdir, hökumət reklamı mətbuatdan qaçaq salıb. Bəs onda mətbuat necə yaşamalıdır? Şübhəsiz ki, Əliyevin yardımı hesabına. O qəzetlərdə yazılanlar heç kimə, heç Əliyevin özünə də lazım deyil. O, mətbuata pulu yazmağa görə vermir, yazmamağa görə verir. Hökumətin strategiyası əhalini məlumatsız saxlamaqdır. Əslində çap mediasını boğanda Əliyev bunu bayram edirdi. Ancaq sosial medianın zühuru Əliyevin çap mediası üzərində qələbəsini "Pirr qələbəsinə” çevirdi.
Yeni hazırlanan "Media haqqında” Qanunun məqsəd və məramı da sosial medianı boğmaq, sosial şəbəkələrdə fb, YouTube kimi kütləvi informasiya şəbəkələrini boğmaq üçün yeni qanun adı ilə "hüquqi” əsaslar əldə etməkdir. Yeni layihədə internet mediasına nəzarət və sosial şəbəkə aktivistlərini məsuliyyətə cəlb etməyin çox müxtəlif yolları nəzərdə tutulur.
Heç kəsə sir deyil ki, Əliyev rejimi "əzəmətli” troll ordusu yaratsa da, sosial mediada ağır məğlubiyyətə uğradı. İndiyə qədər hakimiyyət bu məğlubiyyətin altından çıxa bilmir. Sosial media mətbuatın və azad sözün boğulduğu bir ölkədə alternativ məlumat funksiyasın yerinə yetirir. Əhali hakimiyyətin yarıtmaz siyasətinə etirazlarını burada edir, milli-mənəvi və social ehtiyaclarala bağlı kampaniyanı məhz, social şəbəkələrdə aparır. Azad rəqabət mühiti və kimin nəyə qadir olduğu bilavasitə social mediada daha qabarıq görsənir.
"Media haqqında” yeni qanunun əsas hədəfi də social mediyaya nəzarətin "hüquqi” əsasların əldə etmək, yəni "qanuni” vasitələrə social medinanı sıradan çıxarmaq olacaq. İndiyə qədər layihənin ictimaiyyətdən gizli saxlanılması və beynəlxalq ekspertizaya verilməməsi də şübhəsiz ki, bununla bağlıdır.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov bu günlərdə "Turan" İA-nə bildirib ki, Milli Məclisdə qanun layihəsi birinci oxunuşda qəbul edilə bilər.
Sual olunur: Milli Məclisin proseduruna görə bütün qanun layihələri üç oxunuşdan keçdiyi halda, niyə "Media haqqında” qanun birinci oxunuşda qəbul oluna bilər. Bu da səbəbsiz deyil. Üç oxunuş uzun prosedurdur. Brüsseldən sızan məlumata görə ciddi bir hadisə baş verməsə, İlham Əliyev 2022-ci ildə nəhayət ki, Avropa Birliyi ilə sazişi imzalamağı planlaşdırır. Məhz bu imza mərasiminə qədər siyasi baxımdan kimi avtobusa mindirə bilirsə, mindirib, qalanların belini qırmaq, social media üzərində nəzarəti ələ keçirib internet mediasını ram etməyi vacib hesab edir. Bu qaça-qaç da bununla bağlıdır.
"Media haqqında” Qanun layihəsində "ryestr jurnalistikasının” MEDİA tərəfindən xüsusi jurnalist vəsiqəsi verilməsi nəzərdə tutulur. Vahid forma da versələr pis olmaz. Niyə dəmiryolçunun xidməti forması ola bilər, amma jurnalistin olmaz. Axı, yeni qaydaya görə onlar müzey və sərgilərə, bir çox mədəni yerlərə pulsuz girmək imkanı əldə edəcəklər. Forma olanda bu işdə asanlaşır.
Görünür, bir avtobus da bu "ryestr jurnalistkasına” lazım olacaq. Təsəvvür edirsinizmi hökumət jurnalistə vəsiqə verəcək ki, mənim fəaliyyətimə nəzarət elə. Yəni bəri başdan kriminal-korrupsioner hakimiyyət özünü sığortalayır ki, yalnız ondan vəsiqə alan onun fəaliyyətinə ictimai nəzarəti həyata keçirə bilər. Bunun mənası odur ki, mənim fəaliyyətimə ictimai nəzarət edənləri mən özüm seçirəm. Bununla da jurnalistika ictimai baxımdan nəzarət etməli orqanın nəzarətinə düşmüş olur. Bu şərtlər daxilində jurnalist nəinki peşə fəaliyyətinə görə informasiya almaq hüquqndan məhrum edilir, hətta konstitusiyanın bir vətəndaş kimi ona verdiyi informasiya almaq hüquq da şübhə altına düşmüş olur. Görürsünüz necə "ağıllıdırlar”. Bəndi qabaqdan bağlayırlar.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.