"Nümayəndəlik institutunun ləğvi Azərbaycana ziyan vura bilər"
14-10-2017 14:17 / Bu xəbər 2681 dəfə oxundu
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihələrə baxılıb. Qeyd olunub ki, bu qanun layihələrində edilən dəyişikliklər üzvi surətdə bir-biri ilə bağlıdır. Bildirilib ki, bu layihələr məhkəmə-hüquq islahatları çərçivəsində tərtib olunub. Məqsəd məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas-vəkillərlə təmin olunmasıdır. Vurğulanıb ki, məhkəmə təcrübəsi göstərir ki, təqdim olunan ərizələrin çoxu qeyri-peşəkar şəkildə tərtib edilir. Bu da prosesin uzanması, əlavə maliyyə vəsaitlərinin sərf edilməsi, iş yükünün artması ilə nəticələnir. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə nümayəndəlik institutunun tamamailə ləğv olunması barədə xəbərlər yayılıb.
Müzakirəyə çıxarılan qanun layihəsi hüquqşünaslar arasında heç də müsbət qarşılanmayıb.
Hüquqşünas Nicat Gözəlovun müsahibəsi
- Nicat müəllim, vəkillik və nümayəndəlik institutlarının mahiyyəti nədir?Onların ləğvi hansı nəticələrə gətirib çıxara bilər?
- Vəkillik və nümayəndəlik institutları Hüquq müdafiəsi institutlarıdır, vətəndaşların pozulmuş hüquqlarının qorunması və bərpasını həyata keçirir. Bu institutlar digər hüquq institutları arasında ən demokratik və humanist institutlar kimi fərqlənir. Nümayəndəlik İnstitutunun ləğvinə, inhisarçılığa məruz qalmasına, hüquqşünaslara münasibətdə məhdudlaşdırılması yönəlmiş cəhdləri hüququn təməl prinsiplərinə qəsd hesab edirəm. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun olmasına və belə yardımın qanunda nəzərdə tutulduğu hallarda dövlət hesabına göstərilməsinə təminat verir.
Bu gün məhkəmələrdə nümayəndəliyin ləğvi məsələsində məqsəd ancaq Hüquq Müdafiəsinin effektini azaltmaq və xaos yaratmaqdır. Kollegiyanın üzvü olub-olmamasından asılı olmayaraq hüquqşünaslar son dövrdə islahatların həyata keçirilməsinə bir təkan verdilər və vəkil adını, hörmətini bərpa etməyə başlamışdılar. Heç kimin başqasının onu təmsil etməsinə iradə ifadəsinin həyata keçirilməsinə qadağa qoyulması yolverilməzdir, olmamalıdır. Bununla yanaşı, hüquqi yardımdan (hüquqi məsləhət və ya məhkəmədə təmsil olunmaq hüququndan) da heç kim məhrum edilə bilməz. Azərbaycanda 950 nəfər vəkil vardır, bu dünyada son göstəricidir.
Səmərəli Ədliyyə üzrə Avropa Komissiyasının (CEPEJ) 2014-cü il tədqiqatına əsasən Azərbaycan Avropa Şurası ölkələri arasında hər 100 min nəfərə düşən vəkillərin sayına görə sonuncu yerdədir. Vəkillər Kollegiyasının üzvlərinin sayı təxminən 900 nəfərə yaxındır. Bunlardan təxminən 200 nəfər regionlarda, qalanları isə Bakı şəhərində fəaliyyət göstərir.
- Qeyd etdiniz ki, Azərbaycanda vəkillərin sayı əhalinin say nisbətində olduqca azdır. Səbəb nədir? Niyə vəkillər kollegiyaya üzv ola bilmirlər?
- Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28.12.2006-cı il tarixli 1880 saylı Sərəncamında Azərbaycan Respublikasında vəkillik institutunun gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müstəqilliyinin təmin edilməsi, habelə əhalinin hüquqi yardım almaq imkanının təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə də bölgələrdə peşəkar vəkillərin sayının artırılması vəzifəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulmuşdu. Bu işlərə QHT-lərin, peşəkar hüquqşünasların cəlb edilməsi də vacib tapşırıqlardan idi. Lakin, son 11 ildə Kollegiyaya 3000 əvəzinə cəmi 300 nəfər vəkil qəbul edilib. Sərəncamda, həmçinin 2007-2010-cu illərdə əhalinin hüquqi yardım almaq hüququndan daha səmərəli istifadə etməsinə kömək etmək məqsədilə ali təhsil müəssisələrinin hüquq fakültələri nəzdində "hüquq klinika"larının yaradılması və fəaliyyətlərinə kömək olduğu qeyd olunmuşdur. Həqiqətən də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti nəzdində yaradılmış bu "hüquq klinika"ları çox önəmli işlər aparır.
- Azərbaycanda "Ödənişsiz hüquqi yardım haqqında" Qanun qəbulu da gecikir.
Azərbaycan Respublikası Prezidentinin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməs i haqqında" 15.09.2008-ci il tarixli Sərəncamında "yoxsul əhalinin öz hüquqları barədə maarifləndirilməsi və onlara ödənişsiz hüquqi yardım xidmətinin göstərilməsi" göstərilib. Müvafiq tapşırıqlar olsa da, Azərbaycanda bu günə qədər "Ödənişsiz hüquqi yardım haqqında" Qanun qəbul edilməyib. Hüquqi yardımın xərclərinin nəyin hesabına bağlanması da bu məsələlərdə öz əksini tapmalıdır. Azərbaycanda Vəkillik və ya Hüquq Müdafiəsi İnstitutunun (nümayəndəliyin) son 3-4 ildə inkişafı və gözəl səviyyəsi 100-200 Kollegiya üzvü olan vəkillərə və 2000 nəfər savadlı, gənc, perspektivli praktiki hüquqşünas-nümayəndələrə bağlıdır. Azərbaycanın gələcəyinin qarantı olan minlərlə gənc və orta nəsil hüquqşünaslara şərait yaratmadan məngənəyə salmaq, qadağalar qoymaq müsbət nəticə verə bilməz. Hüquq müdafiəsində inhisarçılıq qəbul edilməyən prinsipdir. Hətta Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi anoloji halda hazırda təklif edilən normaların Konstitusiya uyğunsuzluğu barədə 16.07.2004-cü il tarixdə qərar qəbul etmişdi.
- Vəkil probleminin əsas həlli yolunu nədə görürsünüz?
Gənc hüquqşünasların Kollegiyaya qəbulu sadə olmalı və staj müddəti tətbiq edilmədən həyata keçirilməlidir ki, hüquq müdafiəsi sahəsinə istəkləri itməsin. Əvvəl illərlə hazırlaşmış, təcrübə toplamış 2000 gənc və savadlı hüquqşünasları şərtsiz vəkilliyə qəbul etmək lazımdır. Balans təmin olmadan məhkəmələri boş qoymaq olmaz. Vəkilliyə qəbulla bağlı bu gün mövcud olan ağır şərtlər aradan qaldırılmalıdır. Staj tələb edilməməlidir. Vəkilliyə yazılı imtahanı keçənlər məcburi qısamüddətli təlimlərə cəlb edilməlidirlər.
Bu qədər savadlı gənclər var. Məhkəmələrdə onların savadına və davranışına sevinənlər, heyrətlənənlər var, savadlı iddiaları bəzilərinin iddialarından seçilir, hakimlər hörmətlə yanaşır. Son 2-3 ildəki çətinliklərdə hüquqşünaslar insanların yanında olub, onların Azərbaycan Dövlətinə inamlarını, hüquq və mənafelərinin qanunlarla qorunmasını aşılayıblar, yardım göstəriblər.
Hüquqşünaslar üçün süni maneələrin yaradılması yolverilməzdir. Azərbaycan əhalisini intiharlardan çəkindirmiş minlərlə gənc hüquqşünaslarımız var, onların qanuni fəaliyyətinə sədd qoyulmamalıdır. Məsələ fərdiləşdirməməlidir, ümumi problemdir, Azərbaycanın imicinə ziyan vura bilər.///femida.az