Nyu-York Vəkillər Assosiasiyası Qubad İbadoğlu ilə bağlı bəyanat verib
22-02-2024 11:58 / Bu xəbər 636 dəfə oxundu
"Ədalətli məhkəmə araşdırmasının yoxluğu ciddi narahatlıq doğurur”
Fevral 20-də Nyu-York Vəkillər Assosiasiyası (New York City Bar Association) professor Qubad İbadoğlunun qanunsuz həbsini və ona tibbi yardım göstərilməməsini qınayan bəyanat yayıb.
Bəyanatda deyilir ki, Q.İbadoğlu partiya kimi qeydiyyatından imtina edilmiş müxalif mövqeyli Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, eyni zamanda, Böyük Britaniyada əsası qoyulmuş Azərbaycan Gənclərinin Təhsil Fondunun həmtəsisçisidir.
Yada salınır ki, 2015-ci ildə Azərbaycan hakimiyyəti İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin hesablarını dondurub.
Avropa İnsan Hüquqları Məhkəməsi verilmiş vəsatət əsasında məsələyə baxıb və Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1-ci protokolunun 1-ci maddəsini pozması haqqında qərar çıxarıb.
Foto: Nyu-York Vəkillər Assosiasiyasının rəsmi səhifəsi
2017-ci ildən Azərbaycandan kənarda yaşayan iqtisadçı alim 30 iyun 2023-cü ildə xəstə anasına baş çəkmək üçün Azərbaycana qayıdıb. 23 iyul 2023-cü ildə həbs olunub. Qubad İbadoğlu saxta pulların saxlanması və ekstermist dini materialların yayılması kimi qurama ittihamlarla təqsirləndirilir.
Bəyanatda vurğulanır ki, Q.İbadoğlunun sağlamlığında ciddi problemlər yaranıb: "Şəkərli diabet, aortanın anevrizması, bel-omba ağrıları səbəbindən gündə bir neçə dəfə dərman qəbul edir, onun təcridxana şəraitində səhhəti kəskin pisləşib. Ev dustağlığına buraxılmaqla bağlı vəkillərin vəsatəti Azərbaycan məhkəmələri tərəfindən bir neçə dəfə rədd olunub. "Amnesty International” Təşkilatının məlumatına görə, İbadoğlunun ədalətli məhkəmə araşdırması hüququ tanınmır, vəkilləri ilə telefonla danışıq, ailə üzvləri ilə təklikdə görüş hüquqları pozulur”.
Nyu-York Vəkillər Assosiasiyası bəyanatda bildirir ki, professorun vəkillərinin izlənməsi və inzibati məsuliyyətə cəlb edilməsi təhlükəsinin olması onun həbsinin siyasi motivli olmasına dəlalət edir və ədalətli məhkəmə araşdırmasının yoxluğu ciddi narahatlıq doğurur.
Bəyanatın sonunda Assosiasiya Azərbaycan hakimiyyətini demokratiya və insan hüquqları uğrundakı fəaliyyətinə görə cəzalandırılan professor Qubad İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.
Bundan başqa, Q.İbadoğlunun və Azərbaycandakı digər hüquq müdafiəçilərinin bütün vəziyyətlərdə fiziki toxunulmazlığına, tibbi təminatına və psixoloji rifahına əməl etməyə, doktor İbadoğlunun və Azərbaycandakı digər hüquq müdafiəçilərinin izlənilməsi, qorxudulması və qanunsuz həbsdə saxlanılması kimi hərəkətlərə son qoymağa səsləyir.
Nyu-York Vəkillər Assosiasiyası BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisini və digər oxşar mandat sahiblərini birlikdə Azərbaycan hakimiyyətinə məktub göndərərək BMT-nin İnsan Hüquqları Müdafiəçiləri Haqqında Bəyannaməsinə (U.N. Declaration on Human Rights Defenders) sadiqlik göstərməyi tələb etməyə çağırır.
Aytən Fərhadova
Meydan TV