Orta məktəblərdə hüquq fənni tədris olunmalıdır
17-01-2022 01:48 / Bu xəbər 1161 dəfə oxundu
Röya Mirtalıbova
Hüquqşünas
"BİZ HARADA, HÜQUQ ORADA"
Hüquq insan həyatının bütün sahələrinə daxil olmağı bacarır. Anadan olarkən artıq bizim müəyyən hüquqlarımız yaranır. Məsələn, yaşamaq hüququ. Avtobusa mindikdə belə özümüz də hiss etmədən hüququn subyektinə çevrilmiş oluruq. Və yaxud mağazadan nəsə alarkən alqı-satqı münasibətlərinə daxil oluruq ki, bu da hüquqla əhatə olunur. Misalların dairəsini sonsuz sayda genişləndirmək olar.
"HƏTTA ANA BƏTNİNDƏ OLARKƏN BELƏ, HÜQUQ KÖMƏK ƏLİNİ BİZDƏN ƏSİRGƏMİR"
Dünyaya göz açmaqla biz, digər insanlarla bərabər hüquq və azadlıqları əldə edirik. Hətta dünyaya göz açmazdan əvvəl belə, bizim müəyyən hüquqlarımız yaranmış olur: məsələn, vərəsəlik hüququ.
"HƏYATIMIZA BU QƏDƏR DAXİL OLAN BİR SAHƏ MƏKTƏBLƏRDƏ NİYƏ TƏDRİS OLUNMUR?"
Ölkəmizdə vətəndaşların hüquqi biliklərinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, əhalinin hüquqi savadı istənilən səviyyədə deyil. Bunun səbəbi aydındır, çünki vətəndaşların ilkin biliklərin təməlini orta məktəb təhsili təşkil edir. Beləliklə, hüquqi savadının artırılması üçün ilk növbədə ümumtəhsil müəssisələrində bu sahənin tədrisi genişləndirilməlidir.
11 illik orta məktəb dövründə şagirdlərə ömrü boyu ona lazım olmayacaq müxtəlif biliklər öyrədilir. Halbuki vətəndaşın ömür boyunca öz hüquqlarını bilməsi vacibdir. Əvvəllər "Konstitusiyanın əsasları", "İnsan və cəmiyyət", sonradan "Həyat bilgisi" fənləri çərçivəsində şagirdlərdə hüquq barədə müəyyən təsəvvürlər yaradılsa da, bunlar dar sahələri əhatə etdiyindən, şagirdlərə hüquq barədə lazımi bilikləri tam olaraq aşılamaq üçün kifayət etmir. Fikrimcə, ən əsas və təməl hüquqları əhatə edən beynəlxalq səviyyəli aktlar (BMT Nizamnaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və s.) və cinayət, mülki, inzibati hüquq kimi ən vacib hüquq sahələrinin müəyyən bilikləri məktəb dövründə tədris olunmalıdır.
"MƏKTƏBDƏ HÜQUQ TƏHSİLİ CƏMİYYƏTƏ NƏ VERƏCƏK?"
Bildiyimiz kimi, Azərbaycan müstəqil, dünyəvi bir dövlətdir. Cəmiyyətə hüquq və əxlaq qaydalarına, sosial normalara, qanuna hörmət ruhunda tərbiyə edilmiş vətəndaşlar hazırlamaq da dövlətin ən ümdə məqsədlərindən biridir. Əgər məktəb dövründə şagirdlər hər hansı əməlin cinayət hesab olunduğu, həmin əməli törədərsə, onu hansı cəzanın gözlədiyini bilərlərsə, belə əməlləri törətməkdən çəkinərlər. Həmçinin cəmiyyətin dayağı öz hüquqlarını bilən və müdafiə etməyi bacaran güclü vətəndaşlardır. Bu sahədə qanunun vətəndaşa bəxş etdiyi imkanların məktəb dövründə öyrədilməsi cəmiyyət üçün elmi gücə, zəngin biliyə, özgüvənə sahib vətəndaşların hazırlanması deməkdir.
"ÇIXIŞ YOLU KİMİ TƏKLİF EDƏ BİLƏRƏM Kİ..."
Fikrimcə, şagirdlərdə təfəkkür və düşünmə qabiliyyəti məhz 8-ci sinifdə tam formalaşır. Elə bu dövrdə şagirdlərə hüququn əsas anlayışları, Konstitusiya hüququnun ən əsas müddəaları, beynəlxalq aktlarda əksini tapmış ən təməl insan və vətəndaş hüquq və azadlıqları, daha sonra isə Azərbaycan Respublikasının rəngarəng sahələrini əhatə edən bir neçə ən vacib qanunlarının ("Polis haqqında" Qanun, "Ətraf mühitin mühafizəsi haqqında" Qanun, "Təhsil haqqında" Qanun və s.) tədris olunmasını məqsədəmüvafiq hesab edirəm.
İlin sonunda isə keçirilən dərsləri əhatə edən test tipli yoxlama işinin təşkil olunması və yüksək nəticə göstərən şagirdlərə bu sahədə müəyyən bacarıqlara yiyələnməsini təsdiqləyən sertifikat və s. tipli sənədin verilməsi şagirdlərdə hüquqa həvəs, öyrənməyə stimul yaradardı. Həmçinin tədris ilinin müəyyən zamanlarını şagirdlərin hüquq mühafizə orqanlarına, məhkəmələrə, hüquq idarələrinə ekskursiya tipli səyahətləri təşkil etməlidir ki, şagirdlər öyrəndiklərinin praktikada da canlı tətbiqinin şahidi olsunlar, onlarda qanuna, hüququn prinsiplərinin ədalətliliyinə inam yaransın.
Düşünürəm ki, hələ hüququn bir qismini öyrənmək üçün belə 1 il kifayət deyil, ən azı 2 il tədris olunmalıdır. Tədrisin keyfiyyətli alınması üçün tədris, fikrimcə, hüquqi bilikləri məhdud olan fənn müəllimləri (tarix və s.) tərəfindən deyil, peşəkar hüquqşünaslar tərəfindən tədris olunsa, daha məqsədəmüvafiq olar.
Bütün bunlar gələcək üçün peşəkar kadrların yetişməsi yolunda da öz töhfəsini verəcək. Güclü hüquqşünas güclü ədalət sistemi, güclü ədalət sistemi isə güclü dövlət deməkdir.
Ümid edirəm ki, təhsilə qayğını ən əsas amal kimi rəhbər tutan dövlətimiz bu məsələnin ən qısa müddətdə tənzimini təşkil edəcək.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.