Paşinyan: “Azərbaycanla sülhün 3 əsas prinsipi razılaşdırılıb”
30-10-2023 15:34 / Bu xəbər 807 dəfə oxundu
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”.
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında belə deyib.
Baş nazir qeyd edib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var: "Bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.
Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb. Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.
Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.
Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.
Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.
Sentyabrın 28-də isə separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.
Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.
Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.
Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.
Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.
Müharibənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi və bu il sentyabrın 19-20-də bölgədə hərbi əməliyyat keçirib. Bununla da Azərbaycanın suverenliyinin bərpa olunduğunu açıqlayıb.