Peyğəmbərin əmisi və Van Qoqun qardaşı
26-12-2022 14:52 / Bu xəbər 1319 dəfə oxundu
Aytac SAHƏD
Din tarixində mənə ən çox maraqlı gələn isimlərdən biri Əbu Talibdir. Əbu Talib Məhəmməd peyğəmbərin əmisidir. Onu qısaca təsvir edəsi olsaq, bir çox mənbələrdə haqqında yazılan bu fikirləri deyə bilərik:
"Əbu Talibin İslamın istiqrarında və yerinin möhkəmlənməsində önəmli rolu var. İslam peyğəmbəri kiçik yaşlarından etibarən Əbu Talibin himayəsinə keçib. Həmçinin, İslamın ilk yayıldığı zamanlarda Əbu Talib Məhəmmədi Qureyş qəbiləsindən qoruyub".
Əbu Talibin xidmətləri haqqında çox danışmaq olar. Daha doğrusu, kitabların yazdığı, bizim oxuduğumuz qədər. Nəyin doğru, nəyin yanlış olması isə başqa müzakirənin mövzusudur. İstənilən halda din tarixində belə bir insan və bizim o insan haqqında müəyyən təsəvvürümüz var. Niyəsini bilmirəm, bu təsəvvürlərə əsasən beynimdə yaratdığım Əbu Talib mənə çox maraqlı gəlir.
İncəsənət tarixində isə belə maraqla oxuduğum adamlardan biri məşhur hollandiyalı rəssam Van Qoqun qardaşı Teodur. Van Qoqun həyat və yaradıcılığı ilə az-çox tanış olanlar bilir ki, onun bütün həyatı böhranlarda keçib. Ətrafındakılarla daim ciddi problemlər yaşayan, heç kimlə dil tapa bilməyən bu qeyri-adi rəssamı başa düşən yalnız Teo idi. Həm də həyatının hər dönəmində. Onun Van Qoqa maddi və mənəvi cəhətdən dəstəyini əsirgəməməsi rəssama özünü sənətə həsr etməyə imkan yaratmışdı.
Teo haqqında deyilən fikirlərdən bəlkə də onu ən gözəl şəkildə xarakterizə edən bu fikirdir: "Teo sadəcə incəsənəti başa düşməklə adını incəsənət tarixinə yazdırdı". O, sadəcə qardaşını başa düşdü, anladı və dəstək oldu. Həm də heç kimin inanmadığı, heç kimin onu anlamadığı bir vaxtda.
Əbu Talib və Teo mənim təsəvvürümdə vəhdətə varmış iki şəxsiyyətdir. Baxmayaraq ki, bu iki şəxsiyyət yerdən-göyə qədər fərqlidir. Yaşadıqları dövrdən aid olduqları ideologiyaya qədər tamamilə fərqli olan bu iki insanı birləşdirən ortaq cəhət doğru yerdə doğru insan olmaqları idi. Əbu Talib qardaşı oğlunun, Teo isə qardaşının dəstəkçisi idi. Bu, sanki onların tarix qarşısındakı ortaq missiyası idi.
Ümumiyyətlə düşünürəm ki, seçilmiş insanların yaxınları da seçilmiş olmalıdır. Çünki seçilmiş adamlar çox vaxt zamanı qabaqlayır, zamanının adamları isə çox vaxt seçilənləri anlaya bilmir.
Məhz bu zaman həmin yaxınlar ya hamı kimi uzaqlaşır, ya da daha da yaxınlaşır seçilmişlərə. Təəssüf ki, bütün seçilmişlərin yaxınlar sarıdan bəxti gətirmir. Kim bilir, bəlkə də, neçə-neçə istedad bir atanın "olmaz"ında məhv olur. Bəlkə də, həmin fövqəladə insanların yaxınları dahi ata, ana yox, sadəcə ata, ana, ya da qardaş arzulayır. Biz axı bilirik ki, çox vaxt dahi adlandırıb qeyri-adi insan hesab etdiyimiz adamların həyatı da qeyri-adi olur. Bəlkə də, bu qeyri-adilik onların yaxınlarını qorxudur. Hər kəsin dahini dahi kimi qəbul etdiyi dövrdə onun nəyisə olduğunu deməyə nə var ki. Məsələ onu heç kimin anlamadığı vaxt onun kimsəsi olmaqdır.
Bu anlayışa, dəstəyə təkcə seçilmişlərin yox, həm də adi insanların, hamımızın ehtiyacı var. Çünki biz ailəmizi özümüz seçmirik. Seçdiyimiz həyat yolu bizi onlardan çox uzağa aparanda bu uzaqlıq bizi qorxuda bilər, bəlkə də, hədəfə gedən yoldan da azdırar. Yolun başında əlindən tutan ananın-atanın əlini sonradan buraxmaq da asan deyil axı. Hələ ailə dəyərlərinə çox önəm verilən bizim kimi toplumlarda. Ancaq yaxınında olan insan sənin yaxının deyilsə, qan qohumluğunun nə önəmi?
Ailə sarıdan bəxti gətirməyən bir insandan danışım sizə. Bu insan nə tarixi şəxsiyyətdir, nə də qeyri-adi adam. Bu adam bir dəfə mənə danışmışdı ki, böyük qardaşı təhsil almasını istəmədiyi üçün qəbul imtahanı günü sənədlərini gizlədib. O da imtahana girə bilməyib. Sonrakı həyatında isə hər uğursuzluğunda tapa bilmədiyi sənədlərinin izini axtarıb. İtirdiyi sənədləri tapa bilmədiyi kimi, özünü də bir ömür tapa bilməyib. Bəlkə də, o, imtahana girsəydi, təhsil alsaydı, çox uğurlu bir mütəxəssis olacaqdı, bəlkə də, heç olmayacaqdı.
Bəzən ömrün harasındasa ilişib qalan bir "bəlkə" ən ağır çətinlikdən də çox incidə bilir insanı. Neynəməli, hər kəs Teo kimi bir qardaşa sahib olacaq qədər şanslı olmur. Həyatdır da...
Mənbə: "525.az"