Etibar kişinin cümə ismarışları...

Etibar kişinin cümə ismarışları...

21-04-2023 13:44 / Bu xəbər 3131 dəfə oxundu

Yalçın İmanov

"Nardaran 1”-də həbs olunan bir nəfər vardı: Etibar kişi, soyadı da İsmayılov. 1-ci Qarabağ müharibəsi veteranı idi. 

90-cı illərin sonundan sabitqədəm ibadətə başlamışdı.  

İttihama görə, Etibar kişi guya Nardaran qəsəbəsindəki o viran qoyulan evdə - Şıxəli Tuti küçəsi, döngə 5, ev 2-də "əlində olan xəncəri qarşısında sağa-sola hərləyərək ...polis əməkdaşlarına müqavimət göstərmişdi”.

Üstəlik, sağ yan cibində də əl qumbarası. Primitiv bir təxəyyül, yəni. 

Qumbara bir yana, bu xəncər söhbəti hamının damarını yaman tutmuşdu. Problem ondaydı ki, niyəsə Etibar kişini əlində xəncər sağa-sola hərləyən yerdə təsəvvür eləmək hec cür mümkün deyildi. Adamın fantaziyası ölüb yerə girirdi, amma sağa-sola fırlanan xəncərlə Etibar kişinin həlim simasını heç cür bir yerdə təsəvvür eləmək mümkün olmurdu, adama çöçin gəlirdi. Bu iki antoqonist detal, necə deyərlər, uyuşmurdu. 

Prosesə gələn qohumu qısa fasilələrdə Etibar kişiyə, arada incə-incə sataşıb, xəncərin ölçüsü, sambalı və s. barədə gülməli zarafatlar edir, atmacalar atırdı. O da dəmir barmaqlıqda qəribə abırla sakit-sakit gülümsünüb, fikirli-fikirli gözlərini yerə, döşəməyə dikirdi. 

Bu xəncər söhbəti o qədər şirinləşib kök atdı ki, günlərin birində Etibar kişinin adı "Xəncərli kişi” qaldı. 

Etibar kişinin kübar sükutu vardı. Çox vaxt o boyda həngamənin içində eləcə ciddi-cəhdlə susur, məhkəmə zalında baş verən hər növ insan yaramazlıqlarını nədənsə utanırmış kimi bükülüb, səbrlə seyr edir, arada sadəcə aramla başını yelləyirdi. 

Bu başı yelləmək insan oğlunun izaholunmaz, islaholunmaz təbiətinə, güman ki, məhz onun özünəməxsus heyrətlənməsi, etirazıydı.

Hər halda mənim mənalandırmam belə qəbul, dərk edirdi.  

2021-ci ilin martında, təxminən 6 illik məhbus həyatından azadlığa çıxandan bir xeyli sonra soraqlaşıb nömrəmi tapmışdı. Bir dəfə zəngləşib bir xeyli dərdləşmişdik də. Ondan sonra hər həftənin 5-cü günü mesencerimə cümə təbrikləri yollayırdı. 

4-cü gün gecə saat 12-ni keçəndə, yaxud da 5-cü gün səhər obaşdan "WhatsApp"ın mesenceri səs eləyəndə, bilirdim ki, gələn onun ismarışıdı: cümə ismarışları...

Bir xeyli bundan əvvəl Etibar kişinin cümə ismarışları qəfildən kəsildi. İsmarışlara çox zaman cavab vermirdim deyə ağlıma ilk gələn də bu oldu ki, yəqin, adam dözüb-dözüb, axırda bezib əlimdən. Daha doğrusu, sükutumdan...

Əslində, bir az da rahatlıq və yüngüllük hissi gəlmişdi ismarışların kəsilməyi ilə.

Adam uyğun cavab tapa bilməyəndə, sükutun özü çoxmənalı olur... 

Bir müddət də belə keçdi və bir gün eşitdim ki, sən demə Etibar kişini yenidən həbs eləyiblərmiş. Bu dəfə daha primitiv, amma illərin sınağından "çıxmış” etibarlı ittihamla: "Narakotik vasitələrin küllü miqdarda qanunsuz dövriyyəsi ilə..."

... İndi hər 4-cü gün gecə saat 12-ni keçəndən sonra, yaxud 5-ci gün səhər obaşdan "WhatsApp"ın mesenceri səs eləyəndə səksənirəm.

"Xəncərli kişi”nin dəmir barmaqlıqda baxışlarını döşəməyə dikib, aramla başını yelləməsi, bulaması gözlərimin önündə canlanır: ahıl, inanclı bir kişinin böyük şərin hər cür irili, xırdalı fitnələri müqabilində, Yaradanın daş kimi səssizliyini anlaya, dərk edə bilməyib aramla baş bulaması...