Polis rəisi qəza törədib, ölən və yaralanan var

Polis rəisi qəza törədib, ölən və yaralanan var

28-08-2024 00:53 / Bu xəbər 1241 dəfə oxundu

Hadisədə həyatını itirən şəxs həkimdir

Qax Rayon Polis İdarəsinin rəisi Vidadi Qurbanovun şəxsi avtomobili ilə yol qəzası törətdiyi, nəticədə bir nəfərin öldüyü bildirilir.

Meydan TV-yə məlumat verən mənbənin sözlərinə görə, yol-nəqliyyat hadisəsi avqustun 25-də Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində baş verib.

"Polis rəisi "Toyota Camry” markalı avtomobildə olub. Qəza nəticəsində bir nəfər həlak olub, biri isə yaralanıb. Hər ikisi Şəkinin Aşağı Göynük kənd sakinləridir”, – mənbə bildirib.

Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində həyatını itirən 37 yaşlı Samrat Paşayev həkimdir.

Zərərçəkənlərin yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, hadisənin mümkün qədər gizli qalması, maraqlanan media nümayəndələrinin nəzarətə alınması tapşırılıb. 

Bu səbəbdən də işin qapadılmasından narahatdırlar.

Vidadi Qurbanov 2019-cu ilin fevralında Qax rayonuna polis rəisi təyin olunub. 

Qaxdan öncə isə Nərimanov Rayon Polis İdarəsində Narkotiklərlə Mübarizə şöbəsinin rəisi olub. 

O, əvvəllər həmçinin Suraxanı rayonu, 30-cu polis bölməsinin rəis müavini, Xətai rayonu, 36-cı polis bölməsinin rəisi vəzifələrində çalışıb.

Daxili İşlər Nazirliyi də (DİN) qəza ilə bağlı yayılan xəbəri təsdiqləyib. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd olunub ki, Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu "Toyota” markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb:  

"Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır. Hadisə nəticəsində hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Paşayev həyatını itirib".