Praqada Azərbaycandakı siyasi məhbuslarla bağlı stendlər sərgilənir
14-10-2024 13:02 / Bu xəbər 581 dəfə oxundu
Oktyabrın 13-də Çex Respublikasının paytaxtı Praqada "Forum 2000" beynəlxalq konfransı başlayıb.
Burada Azərbaycandan olan siyasi məhbusların fotoları və onlar haqqında məlumatların olduğu stendlər də yerləşdirilib.
"Azadlıq Radiosu"nun məlumatına görə, stendlərdə tədqiqatçı İqbal Əbilov, iqtisadçı alim Fazil Qasımov, "Toplum TV" və "Abzas Media" işi üzrə saxlanılanlar, eləcə də başqaları haqqında məlumatlar yer alıb.
1996-cı ildən keçirilən konfransın bu ilki mövzusu belədir: "Demokratiyanın qətiyyəti və möhkəmliyinin sübut etmək".
Təşkilatçılar bu ilki tədbirə rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanın, Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın, Polşanın keçmiş prezidenti Lex Valensanın və digərlərinin qatılacağını bildiriblər.
Tədbirdə Çex Respublikasının Prezidenti Pyotr Pavelin də çıxış edəcəyi açıqlanıb.
Yerli hüquq müdafiəçiləri Azərbaycanda 300-ə yaxın siyasi məhbus olduğunu bildirirlər.
Son bir ildə ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal və siyasətçi maliyyə qaçaqmalçılığı ittihamı ilə saxlanılıb.
Onların böyük əksəriyyəti "Toplum TV" və "Abzas Media" işləri saxlanılanlardır.
Saxlanılanlar ittihamları qəbul etmir və bunu siyasi sifariş adlandırırlar.
Azərbaycan hakimiyyəti isə səsləndirilən iddialarla razılaşmır və ölkədə heç kimin siyasi səbəblərə görə həbs edilmədiyini bildirir.