Prezidentin mətbuat xidməti: "Azərbaycanın daxili işlərinə müdaxilə qəbuledilməzdir"

Prezidentin mətbuat xidməti:

04-04-2024 18:23 / Bu xəbər 702 dəfə oxundu

Azərbaycan Prezidentinin mətbuat xidməti aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinkenlə Prezident İlham Əliyev arasında telefon danışığı ilə əlaqədar "Azərtac”ın sualını cavablandırıb.

Mətbuat xidməti tərəflər arasında telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən insan hüquqları ilə bağlı məsələyə də toxunulduğunu təsdiqləyib:

"Prezident İlham Əliyev bildirib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir. Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda ölkə başçısı Entoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”.

"Prezident İlham Əliyev telefon danışığı zamanı, həmçinin tanınmış jurnalist Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işgəncələrə məruz qalması məsələsini bildirib. Culian Assancın ABŞ-a ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulayıb. Həmçinin onu da əlavə edib ki, insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir”, – deyə mətbuat xidməti qeyd edib.

Aprelin 3-də Azərbaycanın Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Azərbaycanın rəsmi və hökumətyönlü mediası ABŞ Dövlət katibi Blinkenin Prezident İlham Əliyevlə telefon danışığının yalnız Bakı ilə Yerevan arasındakı münasibətlərlə bağlı olduğunu yazsa da, Vaşinqton tərəflər arasında insan haqlarına da toxunulduğunu bildirib.