Prokuror Afiəddin Məmmədova 10 il həbs istədi
07-01-2025 14:06 / Bu xəbər 107 dəfə oxundu
Vəkil: "Məhkəmə heç bir araşdırma aparmayıb”
"İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 2023-cü ilin sentyabrından həbsdə olan ictimai fəal Afiəddin Məmmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, Afiəddin Məmmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində prokurorun çıxışından əvvəl Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova çoxsaylı vəsatətlər qaldırıb.
Vəkil bildirib ki, bu cinayət işi üzrə obyektiv, ədalətli hökm çıxarmaq üçün məhkəmə mütləq bu vəsatətləri təmin etməli, həqiqətləri ortaya çıxarmalıdır.
Bunun üçün də Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də saxlanılıb Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə aparılandan sonra orada baş verənləri üzə çıxarmağa ehtiyac var. Çünki o bildirir ki, heç kimi bıçaqlamadığı halda, şərlənərək həbs olunub.
Polis bölməsinə aparılandan sonra orada döyülüb, qandallı vəziyyətdə yerə uzadılıb, zorla əlinə bıçaq verilib, bu yolla da süni şəkildə bıçağın üzərində əl-barmaq izləri yaradıblar. Əgər bölmənin kamera görüntülərini məhkəmə alsa, onun dediklərinin doğru olub-olmadığını məhkəmə araşdıra bilər.
Vəkil həmçinin Afiəddin Məmmədovun Səfər Hüseynovu bıçaqladığı iddia edilən ərazidəki Təhlükəsiz Şəhər kameraları və yaxınlıqdakı obyektlərin kamera görüntülərinin alınması barədə vəsatət qaldırıb.
Müdafiəçi bildirib ki, başqa işlərdə istintaq öz təşəbbüsü ilə dərhal belə görüntülərdən sübut kimi istifadə edir. Lakin bu işdə müdafiə tərəfinin vəsatətlərinə baxmayaraq, görüntüləri təqdim etməyiblər. Ona görə də məhkəmədən xahiş edib ki, hakimlər həmin görüntüləri alsınlar, obyektiv araşdırma aparsınlar. Görsünlər ki, həqiqətən, Afiəddin Məmmədov Səfər Hüseynovu bıçaqlayıb, yoxsa yox.
Müdafiəçi əlavə edib ki, Səfər Hüseynovun bədənində yara izi olsa da, onun başqa bir əməliyyat izi olduğunu düşünürlər. Bu səbəbdən onun xəstəlik tarixçəsinin də araşdırılması barədə vəsatət qaldırıb.
Vəkilin başqa bir vəsatəti isə əlavə şahidlərin dindirilməsi haqda olub.
Prokuror vəkilin qaldırdığı bütün vəsatətlərə etiraz edib.
Məhkəmə də vəsatətlərin heç birini təmin etməyib.
Daha sonra hakim Səbuhi Hüseynov məhkəmə istintaqının tamamlanması məsələsini müzakirəyə çıxarıb.
Vəkil Zibeydə Sadıqova etiraz edib.
Müdafiəçi bildirib ki, onların heç bir vəsatəti təmin olunmayıb: "Bu vəziyyətdə məhkəmə istintaqı tamamlana bilməz. Çünki müdafiə tərəfi faktiki pis vəziyyətdə qalmış olur. Məhkəmə heç bir araşdırma aparmayıb. Sadəcə, ittiham tərəfin təqdim elədiklərilə kifayətlənib”.
Afiəddin Məmmədov da etiraz edib. Lakin etirazlara baxmayaraq, Səbuhi Hüseynovun sədrlik etdiyi, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyası məhkəmə istintaqının yekunlaşmasına qərar verib.
Daha sonra çıxış edən prokuror Afiəddin Məmmədova 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.
Məhkəmə prosesi yanvarın 14-də vəkilin müdafiə çıxışı ilə davam edəcək.
2023-cü il avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri bir qrup moped sürən kuryerlə birlikdə polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib.
Etiraz aksiyası başa çatandan az sonra Afiəddin Məmmədov yaşadığı evin yaxınlığında həbs edilib, ona 30 sutka inzibati həbs cəzası verilib. Daha sonra avqustun 4-də Elvin Mustafayev, bir həftə sonra isə Ayxan İsrafilov narkotik ittihamıyla həbs olunub.
Afiəddin Məmmədovun 30 sutkalıq cəzası başa çatandan sonra o, avqustun sonunda azadlığa buraxılsa da, sentyabrın 20-də yenidən həbs olunub.
Bu dəfə o, metronun "Həzi Aslanov” stansiyasının yaxınlığında yolda gedərkən mübahisə etdiyi Səfər Hüseynov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.
Afiəddin Məmmədov məhkəmədə ifadəsində bildirib ki, o, Səfər Hüseynov adlı şəxsi tanımayıb.
Onun sözlərinə görə, hadisə də ittihamda yazıldığı kimi, Məhəmməd Hadi küçəsində yox, yaşadığı evin blokundan çıxanda baş verib: "Saat təxminən 5-ə 20 dəqiqə işləmiş evdən çıxdım. Toya gedəcəkdim. Blokdan çıxanda bir kişi mənə tərəf gəldi, yanında da qadın vardı. Yaxamdan yapışdı. Əlində bıçaq vardı. Əlindən bıçağı almağa çalışdım. Əvvəl başa düşmədim ki, nə istəyir, sonra anladım ki, təxribatdır, mənə qarşı da Samir Aşurovun başına gətirdikləri planı qurublar. Üzümdən yumruqla vurdu, burnum zədələndi, qan gəldi. Yerə yıxıldım, kürəyimdən də zədələndim. Ekspertizadan da keçmişəm. Bir də baxdım ki, bu, özü özünü vurur. Təxminən 3 dəqiqə sonra polislər gəldi”.
Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən bədənə ağır xəsarət yetirmə-xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə maddələrilə ittiham irəli sürülüb.
İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib.
O, avqustun sonunda 30 sutkalıq həbsdən buraxılandan sonra bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər.
O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.