''Pula görə ardıcıl turnirlərdə oynamağa məcburam'' (Yenilənib)

''Pula görə ardıcıl turnirlərdə oynamağa məcburam'' (Yenilənib)

27-08-2018 16:35 / Bu xəbər 6858 dəfə oxundu

Şəhriyar Məmmədyarov: ''Bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı?''

***

Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov Oxu.az saytına məsələ ilə bağlı açıqlama verərək deyib ki, turnirlərə gedəndə xərcin çoxunu özü çəkir.

"Özü kimlərəsə ağız açmaq, yalvarmaq istəmir. Vətənpərvər bir insan tapılmır ki, onun xərclərini öz üzərinə götürsün. Ümumi götürdükdə, onunla yarışan elit şahmatçılara öz ölkələrində daha çox qayğı var. Bizdə gərək kiməsə ölkə rəhbərliyi tərəfindən göstəriş verilsin. Heç kim könüllü şəkildə yardım etmək istəmir. Şəxsən ölkə başçısı şahmata diqqət ayırır. Avropa çempionatından sonra şahmatçıları qəbul etməsi və onları mükafatlandırması buna bariz nümunədir. Amma tək onunla iş bitmir axı. Gərək digər insanlar, biznesmenlər də qeyrətə gəlsin”.

O qeyd edib ki, əslində, bu pulu Gənclər və İdman Nazirliyindən xahiş etsək, almaq olar.

"Amma bu məsələ vaxt apardığı üçün oraya müraciət etmirik. Nazirlik dünya və Avropa çempionatında ezamiyyə xərclərini çəkir. Təsəvvür edin ki, o pul olmasa, ümumiyyətlə, vəziyyət pis olar.

Elə vaxt olur ki, xərcləri təşkilatçılar ödəyir. Elə vaxt isə olur ki, özümüz ödəməli oluruq. İndi ABŞ-da iştirak etdiyi turnir şahmatçıların xərcini ödəmir. Təyyarə, məskunlaşma, qidalanma xərclərini şahmatçılar özləri çəkir.

Təşkilatçılar deyir ki, bizim mükafat fondumuz bu qədərdir (mükafat fondu 300 min dollardır – red.), iştirak et, pulunu al. Həmçinin Şəhriyar özü ilə kömək məqsədilə millidəki komanda yoldaşı Rauf Məmmədovu da aparıb. Onun da xərcini Şəhriyar çəkir”.

Həmid Məmmədyarov Şəhriyara ölkə xaricindən vətəndaşlığını dəyişməklə bağlı çoxlu təkliflər gəldiyini, ancaq qəbul etmədiyini də dilə gətirib:

"Federasiyada Şəhriyarın maaşı kapitan kimi iki min manatdır. Teymur Rəcəbov da bu qədər maaş alır. Qızım Zeynəb Məmmədyarovada yeddi yüz manatdır. Amma həmişə avqustun 6-da maaş alırdılar. Bu ay onu da almayıblar. Orada federasiya vitse-prezidenti Mahir Məmmədova böyük "sağ ol” düşür. Ona müraciət olunanda, əlindən gələn köməyi etməyə çalışır.

Şəhriyara Rusiya, ABŞ, Türkiyə kimi ölkələrdən çoxlu dəvətlər gəlib. Amma o, Ramil Quliyev kimi etmək istəməyib. İstəyir ki, Azərbaycan adından çıxış edib, ölkənin reytinqini qaldırsın”.

***

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova beynəlxalq qrossmeystr Şəhriyar Məmmədyarovun yazdıqlarına reaksiya verib.

Səmayə Məmmədova modern.az-a deyib ki, Şəhriyar indi yarışda olduğundan onu anlayırlar: "Ola bilər ki, həyəcan və narahatçılıq onda müəyyən hisslər oyadıb və bu hisslər də Şəhriyarı o fikirləri yazmağa vadar edib. Nə yazmasından asılı olmayaraq, Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir. 

Şəhriyarın yarışlara getməsinə gəldikdə isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən, 250 min manat, 2018-ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanma, səfərləri üçün nəzərdə tutulur. Qeyd edim ki, əlavə xərclər də ödənilib. 

Heç bir şahmatçı qatılıdığı beynəlxalq və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tətəfindən hərtərəfli təmin edilir və ediləcək də. Qarşıda bizi Batumidə keçiriləcək şahmat üzrə olimpiada gözləyir. Əminik ki, Şəhriyar orada da Azərbaycanı layiqincə təmsil edəcək. 

Unutmaq lazım deyil ki, prezidentin ən çox diqqət ayırdığı idman növlərindən biri də şahmatdır. Şahmatçıların qarşılanması, onların həyat şəraitinin günbəgün yaxşılaşması üçün cənab prezident tərəfindən hər zaman diqqət ayrılır. Şəhriyara uğurlar arzulayır və onunla qürur hissi duyuruq".

***

Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Unikal.org-a açıqlama verib. Bildirib ki, o, bu günə qədər heç bir yarışa öz hesabına getməyib:

"Şəhriyar Məmmədyarov hazırda çox ağır bir turnirdə oynayır. Bu ağır turnir yəqin ki, onun əhval-ruhiyyəsinə öz təsirini göstərir. O, heç bir turnirə öz hesabına getmir və hazırda onun ən böyük sponsoru Azərbaycan dövlətidir.

Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə, federasiya tərəfindən, klubdursa, qatıldığı yarış həmin təşkilat tərəfindən maliyyələşdirilir. Əgər super turnirdirsə, öz şəxsi statusuna müvafiq olaraq turnir təşkilatçıları tərəfindən maliyyələşdirilir və ona həm yol, həm də qalmaq pulu ödənilir.

Ola bilsin ki, Şəhriyar Məmmədyarov onunla gedən şəxsi məşqçisinə öz pulundan xərcləsin.

Mən də istəyərdim onun şəxsi sponsoru olsun. Hazırda onun bir sponsoru var - Azərbaycan dövləti....

Ş.Məmmədyarov öz yüksək statusuna görə bundan da yüksəklərə layiqdir. Azərbaycan tarixində bu cür şahmatçı olmayıb. Yaxın gələcəkdə də olacağını düşünmürəm.

Ş.Məmmədyarov hər cür dəstəyə, sponsora layiq adamdır. Ona ölkə başçısı, federasiyamızın rəhbəri, Gənclər və İdman Nazirliyi tərəfindən daim dəstək göstərilir. Dəfələrlə Məmmədyarov və ailəsinə dövlət tərəfindən mükafatlar və mənzillər verilib".

***

Beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov indiki durumundan, xüsusən dəstək almamasından narazılığını ifadə edib.

O, bu barədə "Facebook” sosial şəbəkəsindəki profilində yazıb ki, Karlsenlə 5 saatlıq oyun ağır və çətin mübarizə şəraitində keçib.

Hazırda Ş.Məmmədyarov kommersiya seriyalı Sent-Luisdə «Grand Chess Tour» turnirinin dördüncü hissəsi sayılan Sinkfild Kubokunda iştirak edir və səkkiz turdan sonra Aronyan, Karlsen və Qrişukla birlikdə 4,5 toplayaraq 2-5 yerləri bölüşdürür.

Karlsenlə oyuna gəldikdə isə, Ş.Məmmədyarov qeyd edib ki, debütdən böyük üstünlüyü var idi, sonra bir az pis vəziyyət aldı və rəqib 5 saat udmağa çalışdı. Nəticədə oyun heç-heçə bitib.

"Bir səbəbə görə, qərara gədim 40-45 günlük turnirlərə son qoyacam, gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər ardıcılıqla oynamaq biabırçılıqdır. Bugün jurnalistlər mənə sual verdilər ki, səni bu qədər oynamağa nə məcbur edir. Utandım cavab verəm ki, pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Hətta bütün yarışlara öz hesabımla gəlirəm”.

O qeyd edib ki, burdakı yarışlara qatılanların hamısının sponsoru var. amma sabah yenə oyun var, gərək hazırlaşsın: "Çox heyf, amma şahmat belə məni bezdirir, yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. O zaman bu söhbətlər sadəcə mənasız olacaq”.

Azərbaycan Şahmat Federasiyasından Yaşar Məmmədli Meydan TV-yə dedi ki, onlar Mərkəzi Bankdan asılıdır, bütün imkanlarını bank təmin edir: "Ancaq bu məsələyə vitse-prezident Faiq Həsənov cavab versə yaxşı olar, o da Azad Rəhimovun qəbulundadır”.

Faiq Həsənovla əlaqə saxladıq. Amma o, Şəhriyar Məmmədyarov yazdıqlarından xəbərsiz olduğunu dedi: "Oxuyandan sonra münasibət bildirəcəm".

Şəhriyar Məmmədyarov 1985-ci ildə Sumqayıt şəhərində doğulub. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. Şəhriyar Məmmədyarov 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçıdan biri olub və bu uğura imza atmış ilk azərbaycanlı idmançı kimi də tarixə düşüb.