Qazax sakini minaya düşdü, XİN beynəlxalq aləmə çağırış etdi

Qazax sakini minaya düşdü, XİN beynəlxalq aləmə çağırış etdi

14-10-2024 17:42 / Bu xəbər 590 dəfə oxundu

Oktyabrın 14-də səhər Qazax rayonunun Quşçu Ayrım kəndi (Ermənistanla sərhəddə) ərazisində yerli sakin, 2001-ci il təvəllüdlü İlkin Sarıyevin piyada əleyhinə minaya düşdüyü bildirilir.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin birgə məlumatında deyilir.

İlkin Sarıyevin mal-qara otararkən yaralandığı qeyd olunub: "O, sağ ayağından xəsarət alıb, xəstəxanaya aparılıb, vəziyyəti stabildir”.

Amma Sarıyevin xəsarətinin ağırlıq dərəcəsi açıqlanmır.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İlkin Sarıyevin xəsarət almasına münasibət bildirib.

Nazirlik "X” (Twitter) hesabında yazıb ki, 2020-ci ildən ötən müddətdə 381 nəfər mina partlayışının qurbanı olub.

"Beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır”, – deyə XİN əlavə edib.

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumat yayıb.

Bildirib ki, oktyabrın 7-dən 13-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 141, tank əleyhinə 64 mina və 625 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1198.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.