Qırmızı çəkmələr
12-11-2023 23:33 / Bu xəbər 2706 dəfə oxundu
Nazlı Ağayeva
Kəndimizdə ibtidai məktəb adına getdiyimiz iki otaqlı köhnə tikilidə qardaşım müəllim, mən şagird idim. İki otağı birinci və üçüncü, dördüncü və ikinci siniflərə ayırmışdılar.
Hər otağın bir sırasında bir sinif, o biri sırasında ikinci sinif oturardı. Atam kənddə sayılıb-seçilən adamdı. Məktəbin açılması, həmin tikilinin məktəb kimi istifadəyə verilməsi onun rayondakı əlaqələri sayəsində baş tutmuşdu.
İki müəllimdən biri atamın bacısı oğlu, o biri böyük qardaşım idi ki, ikincisi mənim o məktəbə gedib onun sinfində oturmağımdan məmnun deyildi. Çünki mən ədalətsiz hesab elədiyim bəzi şeyləri evdə atama çatdırırdım.
Məsələn, sinifdə kimisə tək ayaq üstə durğuzması, kiminsə qulağını dartması canımı incidirdi. O günlərdə bacardıqca nadinclik edib özümü də onun əliylə cəzalandırırdım ki, uşaqların müəllimə etimadı zədələnməsin.
Evdə bizə qulaqburması verdiyi vaxtlardakı kimi qardaşım atama məktəbin hesabatını da verməli olurdu. Üstəlik, hərəkətlərinin daim bir uşağın "nəzarət"ində olması onu yorurdu. Bu məni daha çox üzürdü, çünki qardaşımı çox sevirdim.
Onunla bağlı yalnız gözəl şeylər görüb eşitmək istəyirdim. Məktəb isə ailəm kimi idi. Oradakı uşaqları bacım-qardaşım qədər sevərdim. Hətta o qədər ki onlara görə kiçik həyatımın böyük xəyallarından keçə bilərdim...
Atam və mən
Nəqliyyatı yalnız köhnə yük maşınıyla lafetli traktordan ibarət yolsuz-izsiz kəndimizdə payızdan başlayaraq qaloş geyinilərdi. Məktəbin qapısındakı arxda qaloşlarımızın palçığını yumasaq, içəri keçə bilməzdik. Yəni xadimə Səkinə xalanın çubuqlu senzurasından yayınmaq mümkünsüz bir şeydi.
O vaxtlar hələ yayda atam qırmızı çəkmə almışdı mənə. Baxmaqdan doymadığım qırmızı möcüzəni zamanı gəldiyində geyinib məktəbə gedəcəkdim. Artıq yağışlar başladığından uşaqlar təzə qaloşlarını geyinirdilər. Mən isə utandığımdan çəkmələrimi geyinməyib məktəbə köhnə qaloşla gələrdim. Çünki o yay günlərində tez-tez sevib sığalladığım yumşaq dərili çəkmələrlə qaloşun fərqini öyrənəcək qədər böyümüşdüm. Amma bu imtinanın izahını verə bilməyəcək qədər kiçik idim hələ.
Məsələn, atamın bütün uşaqlara çəkmə almaq xəyalımı qura bilmirdim. Çünki evimizin daman üstünü dəyişməyə imkan olmadığını bilirdim. Nəsildə, ətrafda əlinə baxan o qədər umacaqlı və öz ağır külfətimiz varkən "kaş ki, mənə çəkmə almayaydı" deyə düşünürdüm. Amma artıq ortada yiyəsini gözləyən bir cüt qəşəng çəkmə gerçəyi vardı...
Nəhayət, bir səhər böyük bacım qırmızı çəkmələri qarşıma qoyanda həyatımın arzusundan qaçmağa yerim qalmadı. Amma çəkmələri yalnız küçə qapısına qədər geyindim. Oradan bağımıza keçib çantamdakı kağız torbada heyva ağacının gövdəsində gizlətdim. Qaloşlarımı geyinib özümü məktəbə çatdırdım.
Özümə çəpərdən küçəyə yol açmışdım. Oradan da məktəbə on-on beş addım məsafəsiydi. Köhnə qaloşlarda quş kimi kimi yüngül idim. Ürəyim də rahatdı.
Bir gün çəpərdən keçib ağacın gövdəsinə yaxınlaşanda kağız torbanı görmədim. Ağacın kökündəki quru, sərt çıxıntılar əllərimi didik-didik eləyənə qədər hər yeri eşələdim. Yoxdu. Həyəcandan qulaqlarıma səs düşmüşdü, özümü qoymağa yer tapmırdım. Qarşıdakı məchulluğun qorxusundan evə gedə bilməyib xəzəllərin üstündə oturdum.
Birdən yaxınlıqda atamın hənirtisini duyub ağlamağa başladım. Öskürəyinin səsini, siqaretini iyini, baxışlarının mənasını əzbər bildiyim ağır adamın zəhmindən ağlamırdım. Bu nəsə ifadə edə bilmədiyim sevginın, kədərin, çarəsizliyin səsli ifadəsi, bəlkə, üsyanıydı.
Atam yaxınlaşıb əlindəki kağız torbanı qucağıma qoydu. Böyrümdəki kötüyün üstündə oturub siqaretini yandırandan sonra yumşaq səslə dedi ki, daha çəkmələrini tətillərdə geyinərsən...
Başımı sığallamadı, amma mən onun barmaqlarını saçlarımda duyurdum. Ona sarılıb qabarlı, sərt əllərini üzümə-gözümə sıxa bilmədim. Amma ürəyinin döyüntüsünü, nəfəs alıb-verişini eşidirdim.
...Səhər məktəbə gedəndə bacım pilləkənə bir cüt təzə qaloş qoydu. Dükandan axşam alıbmış atam. Üstündən təxminən əlli il keçsə də, o qaloşlar indiyəqədərki ömrümün ən dəyərli hədiyyəsi idi...