Qubad İbadoğlunun müavini partiyanın buraxılması ilə bağlı xəbəri təkzib edir
16-05-2024 16:34 / Bu xəbər 658 dəfə oxundu
Ellada Məmmədli: "5 min imza toplayıb sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim edəcəyik”
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Ellada Məmmədli təşkilatın buraxılması ilə bağlı Qalib Toğrulun mayın 15-də yaydığı açıqlamanı yalanlayıb.
Meydan TV-yə danışan Ellada Məmmədli deyib ki, mətbuat bu məsələni tam araşdırmadan Qalib Toğrulun statusunu paylaşıb: "Qalib bəy hörmət etdiyim şəxs olaraq Qubad bəyin qardaşıdır, lakin partiya yetkilisi deyil və onun ADR haqqında siyasi proseslərə müdaxilə etməsi yolverilməzdir. İdarə Heyəti mayın 14-də iclas keçirib. Toplantıda İdarə Heyəti üzvləri ev məhbusu, təşkilatın sədri, professor Qubad İbadoğlunun sağlamlıq durumunda yaranmış ciddi problemlərdən və hərəkətinə tətbiq olunan məhdudiyyətlərdən dərin narahatlığını ifadə ediblər. Eyni zamanda, ADR partiyasının fəaliyyətinin "Siyasi partiyalar haqqında” Qanunun 4.7-ci maddəsinin tələbinə uyğunlaşdırılmasına dair qərar qəbul edilib. Yəni biz partiya quruculuğa başlayırıq, 50-60 nəfərlik təmsilçilik yaradılacaq və 5 min imza toplayıb sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Ona qədər Qubad İbadoğlu səhhəti ilə məşğul olacaq, hazırda onun sağlamlığı vacibdir”.
Ellada Məmmədlinin sözlərinə görə, 2 ildən çoxdur ki, partiya qeydiyyata alınmaqla bağlı mübarizə aparır: "ADR Partiyasını müvafiq nazirlik qeydiyyata almadı. Qarşımızda şərt qoydu ki, yeni qanunvericiliyə əsasən sənədlərinizi tərtib edin və qeydiyyat məsələsinə baxaq. Biz də siyasi proseslərdən kənarda qalmamaq üçün yeni qanunvericilik əsasında işimizi qurmağa qərarlaşdıq. Bizim qeydiyyatımız olmadığından bu adla fəaliyyət göstərməyimiz qanunsuz hesab olunurdu”.
ADR sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul mayın 15-də verdiyi və müzakirəyə səbəb olan açıqlamasına yenidən aydınlıq gətirib.
O, mayın 16-da yazdığı statusda bildirib ki, ADR-in buraxılması ilə bağlı dünənki açıqlaması partiyanın İdarə Heyətinin qərarı ilə heç bir ziddiyət təşkil etmir: "14 may 2024-cü ildə xəstə vəziyyətdə İdarə Heyətinin iclasını çağıran qardaşımın digər üzvlərlə birlikdə verdiyi qərarı Ədalət Yusub öz "Facebook” hesabında paylaşıb. Eyni qərarın əsasında mən dünən əlavə açıqlama yaymışam. Bu açıqlama ADR Partiyası İdarə Heyətinin 2024-cü il tarixli qərarına zidd deyil, onun daha aydın başa düşülməsi üçündür və mənim dünənki açıqlamamla məlum qərar arasında hər hansı ziddiyyətdən danışmaq yersizdir”.
Qalib Toğrul bugünkü açıqlamasında partiyanın öz fəaliyyətini "Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun qurmağa çalışmasına da eyham vurub: "Əslində digər partiyalar da (o cümlədən, AXCP, Müsavat, REAL və digərləri) öz fəaliyyətlərini "Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğunladıraraq fəaliyyətlərini legitimləşdirib və qanunvericiliyin tələblərinə əməl edib. ADR də hazırda həmin işi edir və bununla da siyasi mədəniyyət nümayiş etdirir”, – deyə Qalib Toğrul vurğulayıb.
O daha sonra onu ittiham edənlərə belə bir ritorik suallar ünvanlayıb: "Sonda onu da unutmayın ki, ADR-i Qubad İbadoğlu yaradıb, Qubad İbadoğlunu ADR yaratmayıb. Qardaşım siyasi mübarizəsində bütün təhlükələrlə qarşılaşıb, mühacirətə gedib, həbsə düşüb, fiziki sağlamlığını itirib, amma mənən və ruhən mübarizdir. Sizcə, hazırda onun fiziki sağlamlığını bərpa etməsi vacibdir, yoxsa sağlamlığının kritik pisləşməsinin davam etməsı arzuolunandır? Sizə sağlam Qubad İbadoğlu lazımdır, yoxsa həyatını itirmiş Aleksey Navalnı nümunəsi?”
Nərimanov Rayon Məhkəməsi ötən il 23 iyulda Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), habelə 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə 3 ay 26 gün müddətinə həbs edib.
ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri də daxil olmaqla, bir sıra ölkələr və beynəlxalq təşkilatlar İbadoğlunu azad etməyə çağırıb.
O, siyasi məhbus kimi tanınıb.
22 aprel 2024-cü ildə məhkəmə Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə müdafiə tərəfinin vəsatətini təmin edib.
Demokratiya və Rifah Hərəkatının 2015-ci ilin fevralında təsis konfransı keçirilib.
2021-ci ilin oktyabrında isə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı partiyaya çevrilib.