Rafiq Tağının esseləri
01-09-2023 00:56 / Bu xəbər 3955 dəfə oxundu
Ənnağı Hacıbəyli
Bir neçə gündür ki, rəhmətlik Rafiq Tağının "Seçilmiş esselər” kitabını oxuyuram. Əslində, bu əsərlərin çoxunu o vaxtlar qəzetlərdə oxumuşdum, amma indi onları sanki ilk dəfə oxumuş kimiyəm. Çox maraqlıdır.
Rafiq Tağı çox istedadlı, bənzərsiz yazıçı idi. Onun yazılarını həmişə maraqla oxumuşam. Orijinal fəlsəfəsi, yazı tərzi, bənzərsiz stili var. Bu özəlliklərdə kimsə onunla dirəşə bilməz. Zəngin mövzu dairəsi, erudisiyası, gözlənilməz bənzərsiz təşbehləri, orijinal düşüncə tərzi onu hamıdan fərqləndirir.
Bütün dinləri "puç və əfsanə” sayan Rafiq Tağı təkcə Tanrı ilə kompromisə gedir. M.F.Axundov da dinə münasibətdə eyni fikirdə olsa da, Rafiq Tağı onu az qala Pyotrun agenti elan etməkdən çəkinmir. Ümumiyyətlə, bəşəriyyət Rafiq Tağının qeyd-şərtsiz qəbul etdiyi şəxsiyyət yetirə bilməyib. Təəssüf…
Həri, onu desəm olar, deməsəm olmaz ki, Rafiq Tağının yanlış, absurd, mübahisəli, ifratdan doğan hökmləri də var. Özü də çoxdur. Onları sadalamazdan öncə deyim ki, R.Tağı bu məqamda bənzərsiz istedadını insafsızcasına istismar edib, orijinallıq xatirinə əllaməlik eləyib, məsuliyyətsizcəsinə ifrata varıb. Məsələn, "kök-arıq arvadlar”, "toyuq-xoruz”, "bir saatlıq trusı "primerkası” və s.
Bir çox hallarda onun orijinallığı, sadəcə, "mən hamının dediyinin tərsini deyəcəyəm” hikkəli iddiasına söykənir və diqqətli oxucunun gözü qarşısında … asanlıqla yıxılır. Çünki söykənəcək özülsüzdür, heç bir ciddi tənqidə dözmür, doğal deyil, sünidir, qondarmadır, orijinallıq xətrinə uydurulub.
Esseçinin "ağzının köndələn çağı” bəzən çox uzun çəkir və bu zaman deyilənləri "bunlar heç və sonra deyəcəklərim də” üzrxahlıq qeyd-şərti ilə yola vermək olmur.
Bir yazısında verdiyi hökmləri başqa yazılarında təkzib etmək və ya mübahisələndirmək də onun yaradıcılığının özəlliklərindəndir. Çox vaxt bu, hadisəyə fərqli və ya obyektiv, hərtərəfli münasibət deyil, sadəcə ziddiyyətdir – adi absurd ziddiyyət.
Bir yazıda humanizmi pisləyən yazıçı başqa yazısında almanlara elə faşist düşüncəsi ilə yanaşır, onların hamısını faşizmdə günahlandırır: "faşizm alman xalqının milli keyfiyyətidir”, - deyir.
Bir yazısında İntibah deyilən hadisənin olmadığını iddia edən esseçi ("Renessans müstəmləkəçi Avropanın uydurması idi”) başqa bir yazısında: "Bəşər tarixi İntibah dövrü sənətindən rövnəq tapdı”, - deyir.
"Füzulinin "eşq” həqiqəti dözülməz riyakarlıqdır”sa, onda "Füzuli faciəsi daim insanların estetik yüksəlişi məqamında bulunub” nədir?
Ən sevimli mövzu – Şərq-Qərb müqayisəsi yazıçıya sanki ancaq Şərqi aşağılamaq üçün lazımdır.
"Azərbaycanda avtoritarizm Şərq təzahürüdür” fikri tamamilə doğrudur, amma Qərbdə də tarix demokratiyadan başlanmır axı.
Arada Qərbə də ilişmək pis olmaz. Amma realizm "ancaq insanın insana nifrətini artırıb” nəticəsi də özül-tutarqası olmayan gecəqondunu xatırladır.
Başqalarını əxlaqsızlıqda, hoqqabazlıqda ittiham etməyi xoşlayan müəllif bəzən hadisələrə və insanlara eyni münasibət sərgiləyir. Məsələn, hətta belə fikirlərindən birinə görə həbs həyatı da yaşayıb: "İsa peyğəmbərə tapınan kəs heç vaxt Məhəmməd peyğəmbərə burun silməz”.
Adama deyərlər, sən dini sevməyə, onu tənqid edə, ələşdirə bilərsən, amma başqalarının inancına belə münasibət yolverilməzdir. Ümumiyyətlə, yazıçı-filosofun ədəbi məhsulda "burun silməsi" ən azı etik və estetik deyil.
Rafiq Tağının ədəbiyyatımız barədə fikirləri bir çox hallarda sağlam olmayan təxəyyülün məhsuludur: "Güneydə ədəbiyyat ibtidai durumdadır", "Şərq poeziyası bəşəriyyətin riya qaynaqlarıdır", "Mirzə Cəlil və Sabir millətin dərdindən ölməyiblər; onlar həmişə öz dərdlərindəın ölüb və imkan dairəsində nifrət bacarıblar", və s.
Belədirsə, Rafiq Tağının özünün nifrətə bələnmiş məhəbbətinə nə ad qoyaq? Mirzə Cəlil, Sabir xalqın nadan hissəsini maral sayıb, Rafiq Tağının isə bütün xalqı aşağılamaq şakəri var: "Azərbaycanli inqilaba, bəlkə, oğurluq və banditliyə imkan açılması mənasında yaxınlıq duyur”.
Neyləyək, Şəhriyarın, Sabirin, Mirzə Cəlilin ruhuna yalvaraq ki, Tanrı dərgahında Rafiq Tağınıın bu günahlarını bağışlasınlar?!
"Humanizm natamamlıq kompeksidir”sə sən hansı idealları təbliğ edirsən?
"Meydan” hərəkatı xalqın azadlıq istəyindən deyil, küyə getməsindən törəmişdi”sə, nəyə görə Mirzə Cəlil və Sabir xalqın geridə qalmış hissəsini tənqid edəndə səhv idi, sən isə bütün xalqı aşağılayanda haqlı olursan? "Allah Azərbaycan xalqını ilhamsız vaxtında yaradıb” kimi iddiaların da ilhamsız yazılan yazıların kimidir...
"Azərbaycanda əxlaq birbaşa həyata qarşıdır və onu rədd edir”, - deyir və daha sonra yenə də ziddiyyət: "Əxlaqın ancaq həyat eşqini artıranı məqbuldur”.
Birinci cümlədəki ümumiləşdirmə nəyə əsaslanır, konkret hansı əxlaq qaydasından söhbət gedir? Azərbaycan da bütün dünya kimi əxlaq niormalarını tanıyır, bəzi normalarını hüquqla sanksiyalaşdırır.
Toplumda əxlaq normaları pozulursa, bunda əxlaqın nə günahı var? Həyat yaranandan toplumun münasibətlərini tənzimləyən ilk və əbədi qaydalar kimi əxlaq həyatı necə rədd edə bilər? Bəşəri dəyəri necə "ölüvayların qəddarlığı əlaməti” saymaq olar? Bunun fəlsəfəsi nədir?
Absurdlar fəlsəfə donunda zühur edəndə də, yuxarıdan aşağı baxışdan süzüləndə də özünü gizlədə bilmir…
Paradoksa bax, bəşəriyyətin bütün dahilərinə "vedrə bağlayan" Rafiq Tağı təkcə Bəxtiyar Vahabzadə haqqında ancaq tərif yazıb…
Əziz qardaşlar, həm də bacılar, yazının sonunda sizə iki Rafiq Tağı göstərəcəyəm. Kitabı oxuyanda mən onları gördüm, amma ad qoymadım. Özünüz baxın və adlarını da özünüz qoyun.
Birinci Rafiq Tağı:
"Şərq hələlik Qərbin dırnağına dəyməz”;
"Avropa müharibələri qanuniləşdirilmiş qəşəng toqquşmalardır”;
"Qərbdə müharibə adicə bir işdir, fəlakət deyil”;
"Humanizm artıq qartımış, həm də gərəksiz, hətta ziyanlı olmuşdur”;
"Qərbdə əxlaq orientirləri yoxdur”;
"Satira ədəbiyyatı milli özünəqəsddir”;
"Mirzə Cəlil, Sabir, Ü.Hacıbəyli yaradıcılığı Azərbaycan insanını bəşəriyyətin axırıncı sıralarına itələdi”;
"Molla Nəsrəddin ədəbi məktəbi Azərbaycan türklərinin ümummilli fəlakətidir”;
"Maarifçi ədəbiyyat ölüdür”;
"Klassik ədəbiyyat ölü, saxta və cəfəngiyyatdır”;
"Əslində "37” qurbanlarımız da Süleyman Rüstəmin tayı olub”;
"Leonardo da Vinçi, Rafael və Mikelancelonun insanı çılpaq təsvirləri mənasızlıq mücəssəməsidir”;
İkinci Rafiq Tağı:
"Dövləti cinayətlərin əxlaq dilində adı siyasətdir. Parlamentin legitim tanınması fahişənin "təmiz” adlandırılmasına çox oxşadı”;
"Avtoritarizm siyasi tərbiyəsizlikdir”;
"Tarix səhnəsi nədir ki – orda tez-tez bu və ya başqa millətə "bas bayıra” deyirlər”;
"Diktator tarixçilərinin qələmindən şoruldayan tarixçələrdə qurd həmişə gözütox olur”;
"Taxt-tac oğrusunun cibgirdən fərqi təkcə oğurlanan şeyin miqyasındadır;
"Şirin canı aradan çıxarmaq üçün hicrət əzəl binadan olub, olacaq da. Mən "böyük” insanların özlərinə can sağlığı, onlardan törənən miflərə həmişə ölüm arzulamışam”;
"Azərbaycan yalnız həqiqətlərdən dirçələcəkdir”;
"Hakimiyyət ehtiraslı insanda sufilik anaxronizmdir";
"Polis zopası dinc dövrün Gilyotinidir";
"Azərbaycanda məhkəmə xalq teatrı növüdür”.
"Mən insan itaətinə möhtac Allahı təsəvvür edə bilmirəm”.
"Zopa Azərbaycanda stabillik rəmzidir”;
"Azərbaycanda demokratiya neftə əlavədir”;
"Azərbaycanda "prezident” "padşah”ın qərbgözünə adıdır”;
"Azərbaycan padşahları beynəlxalq insan hüquqları Bəyannaməsinə dəvə nalbəndə baxan kimi baxıblar”;
"Biz həyatda dala getdikcə hər şey arxada qalır”;
"İçində Amerika zurnaları çalınan BMT-yə ümidlər itib”.
Mən ikinci Rafiq Tağını sevdim.