Ramil Quliyev İlham Əliyevin müavininin əlindən qaçıbmış

Ramil Quliyev İlham Əliyevin müavininin əlindən qaçıbmış

11-08-2017 18:37 / Bu xəbər 2581 dəfə oxundu

Dünya Yüngül Atletika Çempionatında Türkiyәni tәmsil edәn Ramil Quliyev 200 metr mәsafәyә qaçış finalında qızıl medal qazanaraq Türkiyә tarixindә bir ilkә imza atıb. 

Ramil Quliyev Türkiyәyә getmәzdәn әvvәl Bakıda Bәdәn Tәrbiyyәsi Akademiyasında tәhsil alırdı. Tәhsilini 4-cü kursda yarımçıq qoyub, Türkiyәyә gedib. 

Ramil Quliyev Azәrbaycan yığmasına federasiya prezidenti, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadәnin istefasından sonra qayıdacağını bildirmişdi. 2011-ci ildә İlham Əliyevin Olimpiya Komitəsindəki müavini Çingiz Hüseynzadә ona qarşı çox aşağılayıcı münasibət ortaya qoyub.

Çingiz Hüseynzadәnin  2011-ci ildə APA agentliyinə  verdiyi müsahibənin  Ramil Quliyevlә bağlı hissәsini tәqdim edirik.

– Azərbaycanlı sprinter Ramil Quliyev milli komandamızda çıxış etməkdən imtina edib. O, yığmamıza hazırkı məşqçilər heyətinin və federasiya prezidenti Çingiz Hüseynzadənin istefası təqdirində qayıdacağını bildirib.

– Bilirsiniz, bu məsələnin medianı bu dərəcədə maraqlandırmasının səbəbini başa düşmürəm. Bu insan qaçıb gedib. Fəraridir. Qaçan adam özünə haqq qazandırmaq üçün nə istəsə, deyə bilər. O, Bakıda olanda bu məsələləri demirdi, narazılığını bildirmirdi.

– Bəlkə, Türkiyə Atletika Federasiyası Ramil Quliyevin başını tovlayıb?

– Xeyr. Türkiyə variantı olmasaydı, başqa ölkələrin təkliflərini qəbul edəcəkdi. Bizdə olan məlumata görə, o, Rusiya ilə də danışıqlar aparıb. Bir sözlə, bu adam Azərbaycandan qaçmaq istəyib. Səbəbini Allah bilir.

– Hətta Sizin istefanızı da tələb edə bilər?

– Məncə, bu, onun öz ağlının məhsulu deyil. Onunla qaçan məşqçisi var, qohumları oradadırlar. Türkiyə tərəfdən kimsə onu hər hansı formada qıcıqlandıra, nə isə deyə bilər. Dediyi sözlər isə mənim üçün heç bir əhəmiyyət daşımır. Hesab edirəm ki, ümumiyyətlə, məsələni bu dərəcədə şişirtməyin əhəmiyyəti yoxdur. Yenə deyirəm: Bu adam sadəcə, fəraridir. Bu adam əsgərlikdə qulluq etməlidir. Ola bilər ki, bu, gözünün qabağına gəlib və qaçıb. Bu adam təhsil aldığı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını atıb-qaçıb. 4-cü kursda təhsil aldığı halda, qış semestr imtahanlarını verməyib.

– Artıq Ramil Quliyevdən imtina etdiyinizi demək olar?

– O, qayıtsa da, qəbul etməyəcəyik. Bu adam qaçıb, fəraridir. Fərari ilə nə etmək olar? Hara qayıdır o? Bilir ki, qayıtsa, əsgərliyə getməlidir.

– Hər halda dünya çempionatında Useyn Bolt və digər məşhur sprinterlərlə mübarizədə 7-ci yer heç də zəif nəticə deyil. Dünyada belə atletlər hərtərəfli təmin olunurlar. Ramil Quliyevin təminatı hansı səviyyәdә idi?

– O, heç öz gücünə ali məktəbə daxil ola bilməmişdi. İmtahandan minimum 100 bal toplamalı olduğu halda cəmi 7 bal yığmışdı. Onun perspektivli idmançı olduğunu nəzərə alaraq, məktublar yazdıq, xahiş etdik ki, akademiyaya qəbul etsinlər. Nəticədə bal toplaya bilmədiyi üçün pullu fakültəyə qəbul etdilər. İndi də durub bu məsələ ətrafında ajiotaj yaratmaq lazım deyil. O, göydən düşməmişdi, Azərbaycanda yetişmişdi, azərbaycanlı məşqçilər yetişdirmişdi. Yenə ölkəmizdə yeni, ondan da yaxşı idmançılar yetişəcək. Allah qoysa, daha güclü atletlərimiz olacaq. Amma bir adam ki, qaçmaq istəyir, onu zorla saxlamağın adı yoxdur.

– Ramil Quliyev deyib ki, atası və şəxsi məşqçisi Eldar Quliyevin infarkt keçirərək ölməsində də ona göstərilən haqsızlıqların rolu olub…

– Danışır da… Nə istəyirsə, danışacaq. Bəlkə də atasının ölümünü gözləyirdi ki, Türkiyəyə qaçsın. Amma atası sağ olsaydı, onu ölkədən getməyə qoymazdı. Rəhmətlik Eldar Quliyevlə heç bir problemimiz yox idi. Bütün təlim-məşq toplantıları və yarışlara o, oğlu ilə birgə yollanırdı. İkisinin də xərcini biz çəkirdik.

azadliq.info