Rəsmi Bakı Avropa Parlamentini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

Rəsmi Bakı Avropa Parlamentini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

26-04-2024 14:25 / Bu xəbər 661 dəfə oxundu

XİN təşkilatın qəbul etdiyi qətnaməni əsassız sayır

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin 25 aprel tarixli qətnaməsinə reaksiya verib.

Nazirliyin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Avropa Parlamentinin qətnaməsini əsassız sayıb.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət açıq şəkildə təhrif edilib.

Hacızadə qeyd edib ki, belə birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib: "Bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil. Belə mühitdə Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri, sadəcə, Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar”.

O hesab edir ki, bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti diqqəti Avropa cəmiyyətinin, həqiqətən, aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır: "Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir”.

XİN rəsmisi Avropa Parlamentini Azərbaycanın daxili işlərinə qarışmamağa və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırıb.

Avropa Parlamenti aprelin 25-də Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edib.

Avropalı deputatlar Azərbaycan hakimiyyətini 2023-cü ilin dekabrında həbs edilmiş hüquq müdafiəçisi İlhamiz Quliyevi, Avropa İttifaqı və digər ölkələrin vətəndaşları da daxil olmaqla, bütün digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.

Avropa Parlamenti həmçinin Avropa Komissiyasını "energetika sahəsində Azərbaycanla strateji tərəfdaşlığın dayandırılması” məsələsinə baxmağa da dəvət edib.

Səsvermədə iştirak edən 529 deputatdan 474-ü qətnamənin lehinə, 4-ü əleyhinə səs verib, 51 nəfər isə bitərəf qalıb.

Avropa Parlamentinin üzvləri israr ediblər ki, tərəfdaşlıq haqqında istənilən gələcək saziş bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə əlaqələndirilsin.