Rəsmi Bakı Yerevanı COP29-la bağlı fürsəti qaçırmaqda qınayır

Rəsmi Bakı Yerevanı COP29-la bağlı fürsəti qaçırmaqda qınayır

12-11-2024 23:36 / Bu xəbər 314 dəfə oxundu

Ermənistan isə konfransa qatılacağını istisna etmir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Yerevanın COP29 sammitinə qatılmamasına münasibət bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq onlar COP29-a gəlməyiblər.

Noyabrın 12-də jurnalistlərə danışan azərbaycanlı nazirin sözlərinə görə, Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə, o cümlədən Ermənistana da dəvət göndərib.

Nazir Ermənistan nümayəndə heyətinin COP29-a gəlməməsini Yerevan üçün "itirilmiş fürsət” kimi dəyərləndirib.

Sülh müqaviləsi üzərində işə gəlincə, ilin sonuna kimi sənədin imzalanması Ermənistandan asılıdır.

Nazir bildirib ki, Ermənistanla sülh sazişinin maddələrinin əsas hissələri razılaşdırılıb, amma hələ razılaşdırılmalı olan məqamlar var.

Bayramovin sözlərinə görə, Azərbaycan Ermənistanla sülh danışıqları prosesinin təşəbbüskarıdır: "Ona görə də Azərbaycan Ermənistanla sülh danışıqlarını sona çatdırmaqda israrlıdır. Amma bu, hər iki tərəfdən asılı olan bir prosesdir”.

Ermənistan əsirlərin azad edilməsini istəyir

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan noyabrın 11-də yerli jurnalistlərə açıqlamasında Bakıda başlayan COP29 iqlim sammitində Yerevanın iştirakını istisna etməyib.

Nazir müavini bildirib ki, Ermənistan hökuməti BMT-nin təxminən iki həftə davam edəcək illik sammitində iştirak edib-etməmək barədə hələ də qərar verməyib:

"Hələ qərar yoxdursa, COP29-a getmək də, getməmək də nəzəri cəhətdən mümkündür. Bu, cari proseslərdən, Ermənistan-Azərbaycan nizamlanma prosesinin dinamikasından asılıdır”.

Kostanyan Yerevanın iştirakla bağlı qərarını dolayısı ilə Azərbaycanda saxlanılan erməni məhbusların azad edilməsi ilə əlaqələndirib.

O həmçinin ölkəsinin bu mövqeyini Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişinə doğru irəliləyiş kimi qiymətləndirib.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.