Rəsmi Bakıdan Brüssel görüşünə reaksiya

Rəsmi Bakıdan Brüssel görüşünə reaksiya

27-03-2024 19:25 / Bu xəbər 735 dəfə oxundu

Azərbaycan XİN ABŞ və Avropa İttifaqını qınayır

Aprelin 5-də Ermənistanın Baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının Prezidenti arasında Brüsseldə görüş gözlənilir.

Aİ-Ermənistan və ABŞ-nin birgə konfransında Ermənistanın təhlükəsizliyinə zəmanət sənədinin imzalanmasının planlaşdırıldığı bildirilir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Brüsseldə keçiriləcək görüşə reaksiya verib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ayxan Hacızadə baş verənlərə görə həmçinin Avropa İttifaqını qınayıb.

O bildirib ki, Avropa İttifaqı Monitorinq Potensialı (AİMP) Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib: "Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib”.

"Narahatlıq doğuran digər məsələ Fransanın Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir”, – deyə Hacızadə əlavə edib.

XİN rəsmisi vurğulayıb ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli, qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır: "Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır. Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüsselin açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də Brüsseldə keçiriləcək görüş barədə ətraflı danışmayacağını bildirib: "Ancaq demək istəyirəm ki, bizim Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir qarşılıqlı əlaqədə məqsədimiz onları fikir ayrılıqlarını aradan qaldırmaq və güclü və davamlı sülh sazişi əldə etmək üçün işləməyə təşviq etməkdir”.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.