“ResPlatforma”nın bəyanatı: “Qarabağ mövzu siyasi manipulyasiya aləti kimi sui-istifadə edilir”
17-11-2024 23:16 / Bu xəbər 210 dəfə oxundu
III Respublika Platforması ("ResPlatforma”) Dirçəliş Günü ilə bağlı Bəyanat yayıb.
Bəyanatda Azərbaycan xalqı Dirçəliş Günü münasibətilə təbrik edilir. Həmçinin qeyd olunur ki, 17 noyabr prosesi Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin təmin edilməsi tələbi ilə başlayan mitinqlər müstəqillik hərəkatının başlanğıcı olub və müstəqilliyin əldə edilərək II Respublikanın qurulması ilə nəticələnib.
"ResPlatforma” müstəqillik və Qarabağ davası uğrunda fədakarlıq göstərən vətəndaşları, o cümlədən şəhid və qaziləri dərin minnətdarlıq hissi ilə yad edir.
III Respublika Platforması ölkənin müstəqillik və Qarabağ problemlərinin həll edilməsinə baxmayaraq, təməl məsələlərin həll edilməmiş qaldığını bəyan etməklə yanaşı Qarabağ mövzusundan siyasi manipulyasiya aləti kimi sui-istifadənin dayandırılmasının vacibliyini vurğulayır.
Eyni zamanda Platformanın Quruluş Bəyanı vasitəsilə irəli sürdüyü Post-Qarabağ Gündəliyinin Azərbaycan siyasətinin fokus nöqtəsinə çevrilməsinin vacibliyini bir daha xatırladır.
"ResPlatforma” ötən il dekabrın 7-də təsis edilib.
III Respublika Platformasının spikeri Akif Qurbanov və Qurucu Heyət üzvü Ruslan İzzətli bu il martın 6-da "Toplum TV işi” üzrə həbs ediliblər, onlar qaçaqmalçılıqda ittiham olunurlar.
Bu iş üzrə Toplum TV internet kanalının təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev də həbs ediliblər və qaçaqmalçılıqda ittiham olunurlar.
Eyni ittiham irəli sürülən daha iki nəfər - Fərid İsmayılov və Elmir Abbasov isə polis nəzarətinə verilib.
Onların hər biri ittihamları rədd edir.
Yerli hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbusun olduğunu bildirir. Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi baxış və ya fəaliyyətinə görə təqib olunmadığını, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini, insan haqları ilə bağlı tənqidlərin qərəzli olduğunu bildirir.