Rusiya “Azadlıq” radiosunu “arzuolunmaz” elan etdi
21-02-2024 15:13 / Bu xəbər 591 dəfə oxundu
Stiven Kapus: "Rusiya hökuməti doğru xəbəri real təhdid sayır”
Rusiyanın Ədliyyə Nazirliyinin "Azadlıq” radiosunu "arzuolunmaz” təşkilat elan etdiyi bildirilir.
Məlumat fevralın 20-də nazirliyin saytında yerləşdirilib.
Bundan əvvəl Rusiyanın Baş Prokurorluğu radionun fəaliyyətini "arzuolunmaz" sayılması haqda qərar çıxarmışdı.
"Azadlıq” radiosu Rusiyada "xarici media agenti” kimi tanınırdı.
Rusiyanın rəsmi media orqanı TASS-ın yazdığına görə, Baş Prokurorluq 2024-cü il fevralın 2-də media qurumunun "arzuolunmaz” elan edilməsi ilə bağlı qərar verib: "Hazırda Rusiyanın "arzuolunmaz” təşkilatlar reyestrində 142 qurumun adı var”.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin yaydığı məlumata görə, Rusiya hakimiyyəti 2021-ci ildən bəri onlarla media qurumunu "arzuolunmaz” elan edib: "Siyahıya ölkəni tərk etmək məcburiyyətində qalan bir neçə müstəqil Rusiya mediası da daxildir. Bunlar "Dojd” telekanalı, "Meduza”, "Novaya qazeta Europe”, "İmportant Stories”, "The Insider” və "Project” media qurumlarıdır".
"Azadlıq” radiosunun prezidenti Stiven Kapus bildirib ki, baş verənlər Rusiya hökumətinin doğru xəbəri real təhdid saymasına son nümunədir: "Milyonlarla rusiyalı on illərlə bizə inanıb. Aleksey Navalnının ölümündən sonrakı günlər ərzində rekord izləyici sayı bunu göstərir. Bizi məhdudlaşdırmağa yönəlik bu cəhd isə "Azadlıq” radiosunun Rusiya xalqına azad və müstəqil jurnalistika gətirməsini daha da çətinləşdirəcək".
Şimal ölkədə "xarici agent”lər barədə qanun 2015-ci ildə qəbul olunub.
Rusiya Baş Prokurorluğunun məlumatına görə, "arzuolunmaz” təşkilat ölkənin konstitusiya quruluşunun əsaslarına, müdafiə qabiliyyətinə və ya təhlükəsizliyinə təhlükə yaradan xarici və ya beynəlxalq təşkilatdır.
Onların siyahısını Rusiyanın Ədliyyə Nazirliyi hazırlayır.
"Arzuolunmaz” təşkilata, o cümlədən onun fəaliyyətində iştiraka dair qadağaların pozulmasına görə iki növ cəza var: inzibati və cinayət.
İnzibati Məcəllənin 20.33-cü maddəsinə əsasən, fiziki şəxs 5 min rubldan 15 min rubla qədər cərimə ilə üzləşir (təşkilatlar və vəzifəli şəxslər üçün ayrıca məsuliyyət).
"Arzuolunmaz” təşkilat fəaliyyəti zamanı qanunu təkrar pozarsa, 284.1-ci maddəsi ilə cinayət işi açılır.
Cinayət maddəsi üzrə nəzərdə tutulan cəza cərimələr, məcburi əmək və ya həbsdir.