"Rusiya Türkiyəni öz tərəfinə çəkmək istəyir" - Natiq Cəfərli
29-07-2019 14:50 / Bu xəbər 1087 dəfə oxundu
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 18-də 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycana mühacirətə gəlmək istəyən xaricilərin sayı artıb.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin l yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunur.
İyulun 25-da isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter” hesabında yazıb ki, Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək və bu qərar senytabrın 1-dən qüvvəyə minəcək.
Rusiya prezidenti Vladimir Putin də iyulun 25-də xüsusi və xidməti pasportlara sahib olan Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə göstəriş verib.
Putin tərəfindən imzalanan sənədə görə, xüsusi və xidməti pasportlara sahib olan Türkiyə vətəndaşları, onların ailə üzvləri, eləcə də Türkiyənin Rusiyadakı diplomatik nümayəndəliklərinin əməkdaşları 2015-ci ildən tətbiq edilməyə başlanan viza rejimindən azad ediliblər.
Yayılan digər bir xəbərə görə, Naxçıvana gedən sərnişin avtobusları İranda gömrük yoxlamasından keçməyəcək.
Maraqlıdır, regionda nə baş verir? Sentyabrın 1-dən etibarən qüvvəyə minəcək qərar Azərbaycanın və qonşu ölkələrin iqtisadiyyatına, bölgədəki siyasi düzənə necə təsir edəcək?
Bütün bu mövzularla bağlı ReAl Partiyasının sədr müavini, iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik.
- Natiq bəy, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin I yarımilində müşahidə olunan miqrantların artımı nə ilə əlaqədardır?
- 2019-cu ilin ilk yarısında ölkəyə gələn miqrantların sayında artımın əsas səbəbi qonşu ölkələrdə baş verən qarışıqlıqlardan və problemlərdən qaynaqlanır. Əsasən Türkmənistandan çox sayda miqrant ölkəyə gəlib və bu özünü qeydiyyatda da göstərir. Türkmənistanda ictimai və iqtisadi vəziyyətin çox ağır olması həmin ölkədən gələn miqrantların sayında artıma səbəb olub və çox güman ki, bu il ərzində də ilin sonuna qədər bu davam edəcək. İkinci yerdə isə İraq, Hindistan və Pakistandan gələn miqrantlardır ki, bunlar da əsasən müəyyən qazanc əldə etmək, ucuz iş yerlərində çalışmaq üçün Azərbaycana təşrif buyurublar.
- Bu artımın ölkə iqtisadiyyatlna iqtisadi baxımdan təsirləri nələrdir?
- Artımın iqtisadiyyata, əlbəttə ki, həm müsbət, həm də mənfi təsirləri var. Mənfi təsirləri ondan ibarətdir ki, gələn miqrantlar çox zaman daha ucuz əməkhaqqına razı olurlar və heç bir əmək müqaviləsi bağlamadan çalışırlar. Bu da yerli əmək bazarında gərgin vəziyyətə gətirib çıxarır, işsizlik probleminin dərinləşməsinə səbəb olur. Həmçinin burada qazandıqları vəsaitin bir qismini kiçik həcmlə də olsa valyutaya çevirib öz ölkələrinə, ailələrinə göndərirlər ki, bu da ölkədən valyuta çıxışının az miqdarda da olsa artmasına səbəb olan amilə çevrilir. Müsbət tərəfləriylə bağlı bir söz demək hələ ki mümkün deyil. Müsbət tərəfi o ola bilər ki, müəyyən iş adamlarına qeyri-leqal şəkildə daha ucuz işçi qüvvəsi kimi onları çalışdırmaq imkanı verir. Bunu da böyük anlamda müsbət bir tendensiya kimi dəyərləndirmək olmaz.
- Azərbaycanla Türkiyə arasında sentyabrın 1-dən ləğv ediləcək viza rejimi iki ölkə arasındakı münasibətlərə nə vəd edir?
- Türkiyə ilə vizanın ləğv edilməsi çox gecikmiş bir qərar olsa da, doğru bir qərar idi. Çünki Türkiyə Azərbaycan vətandaşlarına qarşı vizanı 12 il bundan əvvəl ləğv edib. Türkiyəyə qarşı viza tətbiq etməsi dost və qardaş münasibətlərinə kölgə salırdı ki, bu istiqamətdə irəliləyiş oldu, pozitiv addım atıldı. Düşünürəm ki, vizanın ləğv olunması doğru bir yanaşma idi. Təbii ki, Türkiyədən gələn turist sayında və ölkəyə gələn Türkiyə vətəndaşlarının sayında artım müşahidə olunacaq. Bu iş adamlarına da müsbət təsir edəcək, çünki Azərbaycan uzunmüddətli vizalar vermirdi və yaxud da bu proses çox ağır idi. Ona görə də Türkiyə iş adamları tez-tez viza almaq məcburiyyətində qalırdı. Artıq bu da öz həllini tapmış olacaq.
- Rusiya da xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv edib. Sizcə, hər iki ölkənin bu cür yanaşmasında Qərblə münasibətlərə yönəlik siyasi maraqlar varmı?
- Rusiyanın atdığı addımların daha geniş izaha ehtiyacı var, çünki Rusiya Türkiyə yaxınlaşması Qərblə münasibətdə ciddi məsələdir. Əsasən hərbi sahədə əməkdaşlıq, S-400 hava hücumundan müdafiə kompleksinin əlindən alınması Qərblə Rusiya münasibətlərini kifayət qədər gərginləşdirir. Belə bir məqamda təbii ki, Rusiya daha aqresiv şəkildə Türkiyə ilə Amerikanın və Avropanın arasının açılmasından istifadə edir. Bölgədə önəmli ölkə olan Türkiyə ilə daha çox yaxınlaşaraq onu müttəfiqinə çevirmək istəyir. Əslində, Rusiyanın atdığı addımlar son dövrlər Türkiyə Qərb münasibətlərinin gərginləşməsindən siyasi maraqlar üçün istifadədir və Kremlin rəsmi Ankaranı daha yaxına çəkmək planının tərkib hissəsidir. Yəni Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq və özünə yaxın ölkələr sırasına görmək niyyətindədir.
Səkinə Xanım












