Rusiya Xankəndidə Konsulluq açmağa hazırlaşır
28-05-2024 12:28 / Bu xəbər 759 dəfə oxundu
Qriqori Karasin bunu Səməd Seyidovla görüşdə açıqlayıb
Rusiyanın Xankəndidə Konsulluğun açılışına hazırlaşdığı bildirilir.
Bu barədə mayın 27-də Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşündə deyib.
"İkitərəfli münasibətlərdən biri kimi Xankəndində baş konsulluğun açılmasını qeyd edərdim. Yaxın gələcəkdə dəstəyinizə ümid edirəm”, – deyə Karasin bildirib.
Onun sözlərinə görə, baş konsulluğun 2024-cü ildə açılması ideal olardı: "Bu, bizə qarşılıqlı şəkildə konsulluqlar arasındakı paritet fərqini aradan qaldırmağa imkan verəcək”.
II Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş və sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdi. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal hərbi əməliyyat nəticəsində Xankəndi Azərbaycan polisinin nəzarətinə keçib.
8 noyabr 2023-cü ildə şəhərdə hərbi parad keçirilib.