Ruslan İzzətli həbsxanadan oğluna məktub yazdı
11-09-2024 14:18 / Bu xəbər 1114 dəfə oxundu
Siyasi məhbus, III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətli həbsxanadan oğluna məktub yazıb.
"Arqument.az" həmin məktubu təqdim edir:
"Məni bağışla oğlum, yenə də növbəti ilkə imza atanda yanında ola bilmirəm!
Əziz oğlum, taleh elə gətirdi ki, bir çox ilklərinə şahid ola bilmədim. İlk addım atanda, ilk dəfə dil açanda səndən çox uzaqlardaydım.
Qanunsuz olaraq hərbi xidmətə aparılmışdım, sənin ilklərini anan mənə telefonla xəbər verirdi.
Xocavənddə təmas xəttində əlimdə silah postda duran zaman sənin ilk sözlərini, "ata” deməyini xəyal edirdim.
İndi daha önəmli ilkə-təhsil həyatına addım atırsan.
Əziz oğlum, millət olaraq xilasımız təhsildədir.
Qaranlıqdan aydınlığa gedən yol təhsildən keçir. Bunun üçün siz yaxşı təhsil almalısınız.
Məcburi köçkünlük həyatı yaxşı təhsil almaqda, uşaqlığımı yaşamaqda mənim üçün ciddi əngəl idi.
O zamanlar kənddən kəndə köç həyatı bütün həmyaşıdlarımın həyatına müxtəlif formalarda mənfi təsirini göstərdi.
Sənin mənim yaşadıqlarımı yaşamaman üçün, uşaqlığını doyunca yaşamağın, daha yaxşı təhsil almağın üçün bacardığımı edəcəyəm.
Bu dəfə isə məni bağışla oğlum, yenə də növbəti ilkə imza atanda yanında ola bilmirəm!
Əziz valideynlər, övladlarınıza yaxşı təhsil verin. Təhsil məmləkətimizin, övladlarımızın xilasıdır!
Ruslan İzzətli
Kürdəxanı İstintaq Təcridxanası”