Sabiq icra başçısı xəstəxanaya yerləşdirilib
31-10-2022 13:12 / Bu xəbər 877 dəfə oxundu
Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyətinin yenidən pisləşdiyi bildirilir.
Xəbəri APA yayıb.
Bildirilir ki, bir müddət Pentensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan sabiq icra başçısı Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Qoca Səmədovun vəkili Elnur Vəliyev məlumatı təsdiqləyib: "Qoca Səmədovun vəziyyəti yenidən kəskin şəkildə pisləşdiyindən həkim müayinəsindən keçirilib və müalicəsinin davamı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Müvəkkilim həkimlərin tövsiyəsi ilə son bir il ərzində 3 dəfə ürək əməliyyatı keçirib".
Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub.
Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.












