Sabiq Komitə sədrinin qardaşı məhkəmə qarşısında

Sabiq Komitə sədrinin qardaşı məhkəmə qarşısında

22-11-2018 02:16 / Bu xəbər 1842 dəfə oxundu

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun Məhkəməsi başlayıb. 

Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə hazırlıq iclası keçirilib.

S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyam vurmaqla dələduzluq), 213 (vergidən yayınma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham olunur.

Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmədə S.İbrahimovun anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, o, 1981-ci ildə Naxçıvanın Babək rayonu, Nehrəm kəndində anadan olub. Ali təhsilli olan S.İbrahimov fərdi biznes fəaliyyətilə məşğul olduğunu söyləyib.

S.İbrahimov bildirib ki, hüquqlarını məhkəmədə müdafiə edəcək vəkil gəlməyib. Onunla telefonla əlaqə saxlamaq üçün dəfələrlə cəhd göstərsə də, vəkil cavab verməyib.

Bu cinayət işində zərərçəkənlərin sayı çoxdur. Onlardan yalnız Etibar Allahverdiyev məhkəmədə iştirak edib. E.Allahverdiyev S.İbrahimova qarşı 212 min 400 dollarlıq mülki iddia qaldırıb. Bu məbləğin 162 min 400 dolları maddi ziyanın, 50 mini isə mənəvi zərərin əvəzi kimi tələb olunur.

Vəkil olmadığına görə məhkəmənin hazırlıq iclası noyabrın 28-nə saxlanıb.

S.İbrahimov həm də "Xəzər adaları” layihəsilə məşhur olan iş adamı İbrahim Nehrəmlinin qardaşıdır. Onların daha bir qardaşı Tağı İbrahimov "Azad Azərbaycan” telekanalının (ATV) rəhbəri idi.

S.İbrahimov eyni mənzilin bir neçə nəfərə satılması, sökülən binadakı mənzillərin əvəzinə başqa yerlərdə ev verilməsi adıyla vətəndaşların aldadılması, lisenziyasız bina tikilməsi və başqa əməllərdə ittiham olunur.

S.İbrahimov öncə həbs edilsə də, təxminən bir ay sonra – sentyabrın əvvəlində ev dustaqlığına buraxılıb.