“Şagirdi məktəbdə necə xoşbəxt etməli?” adlı kitab çap olunub
03-05-2024 11:51 / Bu xəbər 855 dəfə oxundu
Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı və Bakı şəhəri 165 nömrəli tam orta məktəbin tarix müəllimi Ülviyyə Mikayıllı "Şagirdi məktəbdə necə xoşbəxt etməli?” adlı kitab ərsəyə gətiriblər.
Müəlliflər çoxillik araşdırmalarına əsaslanaraq qələmə aldıqları kitabda klassik və müasir pedaqoji konsepsiyaları tədqiq edərək şagirdlər üçün ən optimal öyrənmə mühitini müəyyənləşdirməyə çalışıblar.
Tədqiqat işi həm nəzəri, həm də təcrübi araşdırmaların nəticələrinə söykənir.
Kitabda dünyanın bir sıra ölkəsində yüz ildən artıqdır ki, uğurla tətbiq olunan Dalton Planı texnologiyasının pedaqoji ideyası ilk dəfə olaraq Azərbaycan oxucusuna geniş şəkildə araşdırılaraq təqdim edilir.
Tədqiqat işində Nəsirəddin Tusi, Konfutsi, Jan Jak Russo, Con Lokk, Con Dyui, Jan Piaje, Mariya Montessori və digər görkəmli pedaqoqların, filosofların, psixoloqların, eləcə də müasir dövrün təhsil mütəxəssisləri Suqata Mitra, Salman Xanın şəxsiyyət tərbiyəsi və tədris prosesinin səmərəli təşkil edilməsi, təhsildə köklü dəyişikliklərə səbəb ola biləcək yeni təhsil modellərinin yaradılması sahəsində pedaqoji ideyaları təhlilə cəlb olunub, bu istiqamətdə dünyada aparılan araşdırmalara nəzər yetirilib.
Kitabın rəyçiləri psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova, Polşanın Qdansk şəhərindəki 57 nömrəli məktəbin direktoru Anna Listevnik, Bakı şəhəri 165 nömrəli tam orta məktəbin kimya müəllimi Xədicə Eyvazova, redaktorlar "Azərbaycan məktəbi” jurnalının məsul katibi Tariyel Süleyman, mərhum araşdırmaçı-yazar, filoloq Namiq Hacıheydərli və "Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın əməkdaşı Məhəbbət Əliyevadır.
Böyükağa Mikayıllı "Dünyanın təhsil mənzərəsi”, "Sinqapur təhsilinin fəlsəfəsi”, "Yanuş Korçak”, "İşıq”, "Övladınız məktəbə hazırlaşırsa”, "Bir səma altında”, "Yaradıcılıq axtarışları”, "Müasir dərs yeni yanaşmalar”, "Stiven Hokinq – təslim olmayan adam”, "Bir ömrün simfoniyası”, "Dünyanın Kıbrısı, Kıbrısın dünyası” adlı kitabların müəllifidir.
Tədqiqatçının dünya xalqlarının pedaqoji fikir tarixi, məktəbəqədər təhsil, eləcə də müəllimlərin sertifikasiyası, pedaqoji kadr hazırlığı modelləri, universitetlərin inkişaf istiqamətləri, istedadlı şagirdlərlə iş sahəsində dünya təcrübəsinə həsr olunmuş araşdırmaları müxtəlif elmi, elmi-kütləvi nəşrlərdə yayımlanıb, kitabları Türk, ingilis, Ukrayna və rus dillərinə tərcümə olunub.
B.Mikayıllı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru vəzifəsini icra edir, Təhsil Ekspertləri Mərkəzinin üzvüdür.
Kitabın həmmüəllifi Ülviyyə Mikayıllı 20 ildən artıq pedaqoji təcrübəyə malikdir.
O, məktəb və pedaqoji fikir tarixinə, milli-mənəvi dəyərlərə həsr olunmuş məqalələrin müəllifi, Elm və Təhsil Nazirliyinin müsabiqə qalibidir.
Ülviyyə Mikayıllının yetirmələri hazırda müəllim, psixoloq, hüquqşünas kimi fəaliyyət göstərirlər.
Kitab pedaqogika sahəsinin tədqiqatçıları, təhsil mütəxəssisləri, böyüyən nəslin təlim-tərbiyəsi ilə məşğul olanlar üçün nəzərdə tutulub.
Kitab Təhsil Forumu Sosial Platformasının təşkilati dəstəyi ilə nəşr olunub.