Sahil Babayev 72 yaşlı qadına 2.5 milyonluq tender verdi
25-08-2023 14:41 / Bu xəbər 954 dəfə oxundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə 03.07.2023-cü il tarixdə başladığı açıq tenderə 12.07.2023-cü ildə yekun vurub.
Nazirlik fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.
Elektron media resursları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində açıq mənbələrdə heç bir məlumatın olmadığını yazır.
"Aktualinfo.org"-un araşdırması zamanı məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı Şəki şəhəri, S. Rəhman küçəsi, ev 70, mənzil 49-da yerləşir.
Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.
Amma burada bir maraqlı nüans var. Ağaməmmədova Xanım Şamil qızı 1951-ci il təvəllüddür. Maraqlıdır ki, 72 yaşlı bir qadın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzilləri necə satın alacaq?
Azərbaycanda dövlət satınalmalarında bu kimi hallara tez-tez rast gəlinir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nə qədər satınalmaların şəffaf keçirilməsi barədə açıqlamalar yaysa da, faktlar göz qarşısındadır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in satınalmalarda yol verdiyi ciddi qanun pozuntuları barədə də kifayət qədər ciddi məlumatlar var.
"72 yaşlı bir qadını fiziki şəxs kimi 2.531.250 manat məbləğində tendirin qalibi çıxarmaq elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ola bilər. Çox maraqlıdır, 72 yaşlı Ağaməmmədova Xanım Şamil qızının 2.531.250 manat məbləğində dövlət sifarişini həyata keçirə biləcəyinə bir nazir kimi Sahil Babayevin özü necə, inanarmı? Əlbəttə, inanmaz. Çünki o sifarişi öz adamları həyata keçirəcək. Azərbaycanın ərazi bütövlüyü üğrunda əlil olmuş şəxslərin və şəhid ailələrinin haqqını yemək yolu ilə", - deyə yazıda qeyd olunur.