“SalamNews” və “İnterAz”ın rəhbərinin məhkəməsi başladı
27-02-2024 14:45 / Bu xəbər 645 dəfə oxundu
Mətləb Bağırovun hüquqlarının müdafiəsinə yeni vəkil qoşulub
"SalamNews” informasiya agentliyi və "İnterAz”ın rəhbəri Mətləb Bağırovun məhkəməsi başlayıb.
Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.
Fevralın 26-da məhkəmənin hazırlıq iclası keçirilib.
İclasda Mətləb Bağırovun anket məlumatları dəqiqləşdirilib, ittiham aktı və məhkəmə bildirişini alıb-almadığı soruşulub.
Mətləb Bağırov sözügedən sənədləri aldığını deyib.
Məhkəmənin hazırlıq iclasında məlum olub ki, Mətləb Bağırovun hüquqlarının müdafiəsinə yeni vəkil qoşulub.
Müdafiəçi cinayət işinin materiallarıyla tanış olmaq üçün vaxt istəyib. Bu səbəbdən məhkəmə prosesi martın 4-nə qədər təxirə salınıb.
Hacı Mətləb kimi tanınan 44 yaşlı Mətləb Bağırova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş vəsaitləri leqallaşdırma – xeyli miqdarda törədildikdə), 206 (qaçaqmalçılıq), 213-cü (vergidən yayınma) və başqa maddələrilə ittiham irəli sürülüb.
O həmçinin dini-ekstremizm məzmunlu materiallar yaymaqda, İrandan Azərbaycana rəsmi qaydada bəyan etmədən pul gətirməkdə və s. əməllərdə təqsirləndirilir.
Lakin Mətləb Bağırov bu ittihamları qəbul etmir və özünü təqsirli bilmir.
Bu cinayət işində Dövlət Vergi Xidməti zərərçəkmiş qismində tanınıb. Bu qurumun nümayəndəsi də məhkəmə prosesində təmsil olunur.
Mətləb Bağırov 2023-cü ilin yanvarında həbs olunub.
Həmin vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları "SalamNews” və "İnterAz”ın ofisində axtarış aparıb.
Hacı Mətləb DTX-nın istintaq təcridxanasında saxlanılır.(Meydan TV)