Salyan polisi rayonun ərazisinə daxil olmayan 5 nəfəri necə saxlayıb?
28-09-2023 14:15 / Bu xəbər 898 dəfə oxundu
DİN-in Regonal Qrupu işin məhkəməyə göndərildiyini deyir
Sabirabadın Salmanlı kənd ərazisində, Kür çayına yaxın qeyri-qoruq ərazisində ov edən şəxslər özlərini Salyan polis şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılıblar.
Onlar Kamil Abıyev, Ceyhun Paşayev, Əli Mahmudov, Fərid Hüseynov və daha bir digər vətəndaşdır.
Saxlanılan şəxslərin məlumata görə, polislər mülki avtomobillə onlara yaxınlaşaraq onların qanunsuz ovla məşğul olduqlarını əsas gətirərək polis şöbəsinə aparıblar.
Şöbədə onların silahları müsadirə edilib, özləri isə 5 saatdan artıq polis şöbəsində saxlanılıblar.
Şikayətçilər bildirirlər ki, onlar qanunsuz saxlanıldıqdan sonra silahları müsadirə olunmaqla buraxılsalar da, nə barələrində inzibati protokol yazılıb, nə də qanunsuz ov etmələri barədə polis tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilib:
"Qanunsuz ovla bağlı polis hansısa bir pozuntu halları aşkar edərsə, bu barədə dərhal ETSN-nin ərazi üzrə qurumuna məlumat verməli, dəymiş ziyanla bağlı qurumun müvafiq rəyini almalı, qərar qəbul edərkən həmin rəyə istinad etməklə protokol tərtib etməklə məhkəməyə göndərməlidir".
Şikayətçilər isə deyirlər ki, Salyan polisi heç bir qərar qəbul etməyib və ETSN-nə məlumat verməyib.
Onların sözlərinə görə, Salyan polisi qanunsuz olaraq vəzifə səlahiyyətlərini aşmaqla başqa bir rayonun inzibati ərazisinə daxil olaraq, qeyri-qoruq ərazisində qanunsuz ovla bağlı 5 nəfəri saxlayıb.
"Yalnız onlardan iki nəfər öz silahı ilə ov edib. Digər 3 nəfərin silahı isə maşında olmaqla yanaşı kabroda olub. Yəni həmin vaxt ərazidə həmin 3 silahdan güllə atılmayıb", - şikayətçilər qeyd ediblər.
Buna baxmayaraq Salyan Polis İdarəsində maşında olan 3 silahda öz kabrosundan çıxarılaraq müsadirə edilib və üzərindən iki həftə keçməsinə baxmayaraq hələ də idarədə saxlanıldığı deyilir.
Bundan başqa, Salyan Polis İdarəsində onların hər birinə qanunsuz ovla məşğul olmaları barədə ayrı-ayrılıqda 2000 manat cərimə yazılacağı bildirilib.
"Əlbəttə, polisin bu mövqeyi düzgün deyil. Əvvəla, Salyan polisi isbatlamalıdır ki, həmin qeyri-qoruq ərazisi, Sabirabad rayon ərazisi yox, Salyan rayonunun inzibati ərazisidir. İkincisi, polis müəyyən etməlidir ki, (ekspertiza yolu ilə) maddi sübut kimi qəbul etdiyi 3 göyərçin cinsinə aid quşlarda həmin o, 3 silahdan istifadə oluna qırma mövcuddur, ya yox. Üçüncüsü də, quşların hansı cinsə (vəhşi və ya göyərçin cinsli quşlara) aid olub olmamasını dəqiqləşdirməlidir. Bunu üçün də ETSN-nin rəyi mütləq hesab olunur", - deyə şikayətçilər qeyd ediblər.
"Bütün bunlar öz əksini tapmadığı halda, yəni Salyan polisinin özünün Salyan ərazisinə aid olmayan qeyri-qoruq ərazisinə daxil olduğu, qanunsuz olaraq 5 nəfər şəxsləri saatlarla şöbədə qanunsuz saxlaması, silahlarını müsadirə edilməsi faktı aşkar edilərsə, necə olacaq? Qeyd edək ki, ov edən şəxsə münasibətdə inzibati qaydada protokol yazıla bilər. Digər şəxslərə münasibətdə bu mümkün deyil, hörmətli rəis Nəzər müəllim. Məsələ bu qədər bəsit", - deyə şikayətdə bildirilir.
"Saxlanılan şəxslər” onu da bildirirlər ki, müsadirə olunan silahlar sənədlidir: "Bir halda ki, Salyan polis şöbəsinin əməkdaşları Sabirabad əməliyyat keçirmək iqtidarındadırsa, onda Sabirabad polis şöbəsi nəyə gərəkdir?! Belə olan halda isə Sabirabad polis şöbəsi ləğv edilməli, Salyan polis şöbəsinin tabeliyində bir bölmə kimi fəaliyyət göstərməsi daha məntiqli görünür".
Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini işləyib.
Daxili İşlər Nazirliyinin Regional Qrupundan isə "Arqument.az"a bildirilib ki, qanunsuz ov edən şəxslərlə bağlı materiallar toplanılıb və hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.