Saxlanılan AXCP üzvlərinə 30 sutka həbs verilib
17-01-2025 20:35 / Bu xəbər 126 dəfə oxundu
Partiya qərarı onların tənqidi fəaliyyəti ilə əlaqələndirir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki gün əvvəl saxlanılan fəallarının hər birinə 30 sutka inzibati həbs cəzası verilib.
Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.
AXCP-dən bildirilib ki, partiyanın Ordubad rayon şöbəsinin fəalı, yanvarın 15-də axşam saatlarında evindən aparılan Əsgər Ağasoy təcridxanadan ailəsilə əlaqə saxlayıb.
Cəbhəçi ailə üzvlərinə məhkəmənin ona 30 sutka inzibati həbs cəzası verdiyini deyib: "Evindən, ailəsinin yanından aparılan adamı xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamı ilə 30 sutka həbs ediblər”.
Həbs edilən digər cəbhəçi isə partiyanın Lənkəran şöbəsinin üzvü Ramil Eynəliyevdir.
Məlumata görə, Bakıda fəhləlik edərək pul qazanıb, ailəsini dolandıran və Xəzər rayonu ərazisində kirayədə yaşayan Ramil Eynəliyevi 3-cü polis bölməsinə çağırıblar.
Ora gedən cəbhəçi buraxılmayıb: "Onun da xəbəri gəldi ki, 30 sutka inzibati həbs cəzası veriblər. Artıq Binəqədi inzibati həbs olunanların saxlandığı təcridxanaya göndərilib”.
AXCP bəyan edib ki, fəallar heç bir qanun pozuntusuna yol verməyiblər.
Onlar sosial şəbəkələrdə sosial-siyasi məsələlərlə bağlı tənqidi rəylərinə görə cəzalandırılıblar.
Partiyadan bildirilib ki, bu günlərdə daha bir cəbhəçi – Xəzər şöbəsinin fəalı Əlisahib Kərimova da 30 sutka inzibati həbs cəzası verilib.
AXCP sədri Əli Kərimli son vaxtlar partiyaya qarşı təzyiqlərin yenidən artdığını deyir: "Yalnız son bir həftədə 3 nəfər AXCP üzvü həbs olunub. Son günlərdə həbs olunmuş cəbhəçilərin hər üçü sosial şəbəkələrdəki tənqidi şərhlərinə görə həbs olunublar. Deməli rejimin prioriteti hakimiyyətə qarşı sosial şəbəkələrdə daha da artan sərt tənqid dalğasını durdurmaqdır”.
Hazırda AXCP-nin 10-dan artıq üzvü müxtəlif ittihamlarla həbsdədir.
Həmçinin partiya sədri Əli Kərimli haqqında da dekabrda ittiham hökmü çıxarılıb. Lakin cəbhəçilərin heç biri özünü təqsirli bilmir, şərlənərək həbs olunduqlarını deyirlər.
Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edir.