Seçim zamanı
21-09-2022 13:49 / Bu xəbər 945 dəfə oxundu
Azər Qasımlı
Müstəqil siyasətçi
Dünya dəyişir. Artıq heç nə olduğu kimi olmayacaq…
Sentyabrın 21-i Rusiyada səfərbərlik elan edildi. Putin iqtidarı ehtiyatda olan 300 min əsgər və zabiti Ukrayna cəbhəsinə göndərməyə hazırlaşır.
Bu gündən Ukrayna müharibəsi yeni mərhələyə keçir: ya Ukrayna qalacaq, ya Rusiya. Əgər səfərbərlik bir işə yaramasa, Rusiyanın indiki halında qalması, yəni siyasi sistemini və ərazi bütövlüyünü saxlaması mümkün olmayacaq.
Rusiyanın bu müharibədə qalib gəlmək şansı çox azdır. Putin düz deyir, ölkə kollektiv Qərblə üz-üzədir. Rusiya həm siyasi, həm iqtisadi, həm də hərbi və texnoloji baxımdan Qərbdən çox geridədir.
Ukraynada yeni torpaqlar əldə etmək imkanı olmayacaq. Sadəcə tutduğu əraziləri əldə saxlamağa çalışa bilər, lakin bunu da etmək mümkün görünmür. Ukrayna verilən yeni silahlarla rusları bir-bir torpaqlarından çıxardacaq. Artıq bunu sübut edir.
Rusiyanın yeganə çıxış yolu nüvə silahından istifadə ola bilər (Putin buna eyham vurur), lakin bu silahı atacaq yer görmürəm. Ukraynanın hər tərəfi rus əhalinin yaşadığı bölgələrdir – nüvə radiasiyası hər tərəfə çatacaq…
Putinin bugünkü qərarı Rusiyanı yox, şəxsən özünü qorumaq cəhdidir. Özünüqoruma instinktidir! Rusiyanın parçalanma riski hələ bu qədər çox olmamışdı. Hətta Putini devirsələr belə, ölkənin dağılma ehtimalı yüksəkdir.
Bizim üçün, Azərbaycan üçün ən düzgün mövqe sakit durmaqdır, müharibələrdən çəkinməkdir, təxribatlarda iştirak etməmək və təxribatlara uymamaqdır. Artıq seçim etmə anı da tam yaxınlaşır: ya dağılan Rusiya, ya inkişaf etmiş mütərəqqi Qərb!
Başqa seçim imkanı yoxdur.