Seçki Müşahidə Alyansı da seçkilərin demokratik keçirilmədiyini deyir
03-09-2024 13:06 / Bu xəbər 591 dəfə oxundu
"Ciddi pozuntularla müşahidə edilən seçkilərin legitimliyi şübhə altındadır"
Seçki Müşahidə Alyansı hesab edir ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ciddi pozuntularla müşahidə edildiyindən prosesin demokratik legitimliyinə ciddi zərbə vurub.
Bu barədə Seçki Müşahidə Alyansının sentyabrın 2-də yaydığı bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, seçkilərin keçirildiyi siyasi və hüquqi mühit hakimiyyətin mərkəzləşdirilməsi və müxalif qüvvələrin təsirinin azaldılması ilə xarakterizə olunub: "Bu da seçki prosesinin ədalətliliyinə və şəffaflığına kölgə salıb. Seçkilərin ilkin mərhələlərindən başlayaraq, siyasi mühitin müstəqil və rəqabətli seçkilər üçün əlverişli olmadığı açıq şəkildə görünürdü. Hakim Yeni Azərbaycan Partiyasının dominantlığı siyasi plüralizmi məhdudlaşdırıb və müxalifət qüvvələrinin seçkilərdə ciddi şəkildə iştirakını çətinləşdirib. Bundan əlavə, 2022-ci ildə qəbul edilən "Siyasi partiyalar haqqında” Qanun siyasi partiyaların fəaliyyətini məhdudlaşdırıb və seçki prosesində daha geniş iştirakın qarşısını alıb. Hakim partiyanın güclü mövqeyi və geniş resursları müxalifət və müstəqil namizədlərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb ki, bu da seçkiqabağı mühitdə bərabər imkanların olmadığını açıq şəkildə ortaya qoyub”.
Alyans televiziyalarda seçki ilə əlaqədar siyasi müzakirələrə heç bir yer verilmədiyini, müxtəlif fikirlərin səsləndirilməsinə imkan yaradılmadığını bildirib.
Təşkilat hesab edir ki, seçki günü baş verən hadisələr seçkilərin düzgünlüyü ilə bağlı narahatlıqları daha da artırıb: "Seçici siyahısında adı olmayan şəxslərin səs verməsi, şəxsiyyət vəsiqəsi təqdim etmədən səsvermədə iştirak halları, qutulara topa bülleten atılması və eyni şəxsin bir neçə dəfə səs verməsi kimi ciddi qanun pozuntuları baş verib. Müşahidəçilərə qarşı təzyiq və təqib halları, onların seçki məntəqələrindən çıxarılması, səslərin hesablanmasına buraxılmaması faktları olub. Bütün bunlar göstərir ki, seçkilər demokratik standartlara uyğun keçirilməyib və seçki prosesinin müxtəlif mərhələlərində baş verən sistemli qanun pozuntuları seçkilərin nəticələrinin legitimliyini şübhə altına alır”.
Seçki Müşahidə Alyansı qeyd edir ki, bu problemləri aradan qaldırmaq üçün əsaslı islahatların aparılması zəruridir: "İslahatlara siyasi plüralizmin bərpası, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, bütün namizədlər üçün bərabər imkanların təmin edilməsi, seçki prosesində şəffaflığın artırılması və müstəqil media mühitinin yaradılması daxildir”.
Növbədənkənar seçkilərin keçirilməsinə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs göstərilib.
Əsas kimi seçkilərin vaxtının Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal forumu – COP29 iqlim konfransının Bakıda keçirilməsilə üst-üstə düşməsi göstərilib.
Seçkidən bir gün əvvəl MSK sədri Məzahir Pənahov seçkilərdə 6 milyon 421 min 960 vətəndaşın səs verəcəyini deyib.
Komissiya sədri bildirib ki, seçkilər 6478 seçki məntəqəsində keçiriləcək, onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
MSK sədrinin sözlərinə görə, ölkənin ən çox seçicisi 30-39 yaş arasındadır: "İlk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçicimiz 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicimizin 109 yaşı var”.
Məzahir Pənahov deyib ki, ümumilikdə 112749 yerli müşahidəçi var, onlardan 7077-i MSK-da, 105672-i isə dairə seçki komissiyalarında (DSK) qeydə alınıb.
Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib.
Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.
Bundan öncə də Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidəyə dəvət etməmişdi.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.
Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) "ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.
Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.
Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.