Seçkidə iştirak məsələsi

Seçkidə iştirak məsələsi

10-09-2022 11:58 / Bu xəbər 1515 dəfə oxundu

Anar Məmmədli

Siyasi partiyalarla bağlı yeni qanun layihəsi partiyalar üçün absurd öhdəliklər təqdim edir. Məsələn, seçkidə iştirakla bağlı öhdəlik məhdudlaşdırıcı olduğu qədər gülünc səciyyə daşıyır. Bu müddəanı dəstəkləyənlərin xoş niyyətinə şübhə edirəm. 

Seçkidə iştirak mövzusu ötən həftə yazmaq istədiyim seçici fəallığı probleminə yaxın olduğu üçün bu mövzuda qeydlərimi bölüşürəm. 

Demək, yerli və beynəlxalq müşahidəçilərin qeyri-demokratik saydığı seçkiləri həm dünyaya matah seçki kimi sırımaq, həm də partiyaların üzərinə "seçkidə iştirak” adlı yeni öhdəlik qoymaq istəyirlər. 

Təsəvvür edin ki, kimisə zorla evləndirmək istəyirlər, evlilik şərtləri ilə razılaşmayan şəxs üçün qaydaları asanlaşdırmaq əvəzinə, ona şərt kəsirlər ki, yaxın 3 ildə ailə qurmasa, evlənmək hüququndan məhrum olacaq. İndi iqtidar da öz əcaib seçki sistemi ilə bütün siyasi partiyaları "evləndirmək” istəyir, bunu zorla edə bilmədiyi üçün qanuna yeni siyasi evlilik məcburiyyəti gətirir. 

Gələk, xalqın seçkidə iştirak məsələsinə. 

Azərbaycandakı seçici istəklərini dünyanın oturuşmuş seçkili demokratiyaları ilə eyniləşdirmək doğru deyil. Bizdə seçici istəklərinin ibtidai forması, yəni müasir demokratik rejimlərin ilkin seçki tarixi ilə oxşarlıq tapmaq olar. 

Seçki ənənəsinin ilkin formalaşma tarixi iki və daha artıq siyasi qüvvənin bir-biri ilə mübarizəsi ilə başlayıb. Bunlardan birini şərti olaraq hakim, digər(lər)ini isə müxalif siyasi qüvvə adlandıraq. Tutaq ki, hakim siyasi qüvvə zorakı və silahlı yolla iqtidarı qorumağın risklərini nəzərə alır, dinc yolla iqtidarı qorumağa üstünlük verir. 

Risk dedikdə inzibati maneələrə, hüquqi məhdudiyyətlər və  ya zorakı üsullarla təqiblərə qarşı əks-müqaviməti və ya əhalinin adekvat reaksiya ehtimalını, yaxud iqtidar dəyişikliyi baş verərəsə,  opponentlərinə siyasi intiqam üçün bəhanə verməyi nəzərdə tuturam. Bu riskləri nəzərə alaraq, bəzi Qərb ölkələrində hakim siyasi elitalar dinc yarışa, yəni seçkilərin keçirilməsinə razılıq verməli oldular. 

Nəticədə bizdəki seçkilərdən fərqli olaraq, tərəflər rəqabətli seçkinin keçirilməsi üçün öz dönəmləri üçün ədalətli və əlçatan qaydalarda ortaq məxrəcə gəldilər. Bizdə buna bənzər mənzərə cəmi iki dəfə yaşanıb – 1990-cı il və 1992-ci il seçkilərində. 

Ötən 30 ildə ölkədəki seçkilərdə hakimiyyət uğrunda mübarizə formal olaraq seçki yarışı adlansa da, həqiqi seçkilər keçirilməyib. İllərlə davam edən bu proses həm seçkidə yarışan qüvvələrin marginallaşmasına, həm də seçicilərin maraqlarına mənfi təsir edib. Burada siyasi oyunçuların marginallaşmasından bəhs etməyəcəm. 

Seçici maraqlarından bəhs etmək üçün qayıdaq ibtidai seçki tarixinə. 

Seçici görəndə ki siyasi səhnədə yarışan iki və daha artıq qüvvə var, özünə daha yaxın olanı müəyyən edib iştirak edir. Beləliklə, ilk seçki siyasi qüvvələr üçün milad rolunu oynayır. Bu seçkidə siyasi qüvvələrin dəstəkləyən A, B və C seçici qrupları və ya tərəfdarları da ortaya çıxır. Zaman keçdikcə seçici maraqları aydınlaşdıqca və təkmilləşdikcə siyasi partiyaların hədəfləri və vədləri də konkretləşir. Bu da ayrı mövzudur. Əsas mövzumuz seçkidə iştirak etməyən seçicidir. 

İstər seçkili demokratiyalarda, istərsə hibrid rejimlərdə, istərsə də bizim kimi kreptokratik-avtoritar rejimlərdə seçkilərdə iştirak etməyən böyük çoxluğu birləşdirən ümumi cəhət var -  seçki prosesinin maraqlı olmaması. Yəni seçicinin niyyəti və marağı olmasa, seçki prosesində öz rasional istəyi əsasında iştirak etməyəcək. 

Bu niyyət və marağın irrasional xarakter daşıdığını iddia etmək çətindir. Ümumiyyətlə, seçici maraqlarından bəhs edən bütün tədqiqtaçılar seçkidə iştirakın rasional xarakter daşımasından bəhs edirlər. Çünki seçici səsverməyə getməklə öz ehtiyacı, marağı və gözləntilərini ifadə etmiş olur. 

İndi isə qayıdaq yenidən bizim seçkilərə. 

Məncə, bizim ölkədə seçicilər məhz aşağıdakı faktorlara əsasən seçki prosesinə marağını itirib və seçkidə iştirak etmək istəmir: 

1) Seçkinin həqiqi seçki olduğuna və səsvermənin nəticələrinin onun həqiqi iradəsini ifadə edəcəyinə inanmırlar; 
2) Seçki iştirakçıları arasında onun marağını ifadə edən namizəd və partiyaların olduğuna ya inanmır, ya da belələri varsa onların qələbəsinə inanmır. Buraya siyasi oyunçular barədə məlumatsızlığı da əlavə edirəm; 
3) Seçkilərin onun həyatında hər hanıs dəyişikliyə səbəb olacağına inanmır;
4) Seçkilərdə iştirakı şəxsi həyatı üçün təhlükəli sayır və itkilərdən ehtiyat edir; 
5) Seçkidə iştirakı siyasi mədəniyyət nümunəsi kimi mənimsəməkdə çətinlik çəkir.

Yuxarıdakı faktorlardan hansının seçici maraqlarının formalaşmasına daah çox təsir etdiyini bilmək üçün tərəfsiz şəkildə sorğu keçirməliyik. 

Amma bu problemlərin çözümü üçün ilk növbədə siyasi qüvvələrdən, daha sonra vətəndaş cəmiyyəti qrupları, müxtəlif sosial qruplardan, nəhayət bir qədər də beynəlxalq oyunçuların iştirakı və dəstəyi lazımdır.