Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

03-07-2024 13:52 / Bu xəbər 706 dəfə oxundu

47 nəfərlə bağlı yoxlamanın nəticəsi Baş Prokurorluğa göndərilib 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 218 əməkdaşı məsuliyyətə cəlb edildiyi bildirilir. 

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılıb.

Ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Xidmət bildirib ki, bu tədbirlər "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

Qurumda pozuntuya yol vermiş şəxslərin çağırışçıları hərbi xidmətdən yayındırması kimi hallara da yol verdiyi bildirilir. 

Xidmətdən verilən məlumata görə, 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.