Şəhlanın Baş Keçid xatirələri

Şəhlanın Baş Keçid xatirələri

17-05-2021 12:54 / Bu xəbər 3128 dəfə oxundu

Şəhla Hümbətova 

Gürcüstanın Dmanisi rayonunda bir qrup svanın azərbaycanlılara hücum etdiyi və bir neçə şəxsin ağır xəsarət aldığı barədə video yayılıb. Bəlkə də, çoxlarınız heç svan sözünü eşitməmisiniz, mənim üçün isə bir ömürlük travmadır svanlar və onlarla bağlı hər şey... Birnaz uzun olacaq amma ürəyimi boşaltmalıyam, çox pisəm. 

Mən Dmanisidə döğulmuşam, özü də Dmanisi yox, Baş Keçid deyirdik - öz adı ilə. 92-yə qədər Dmanisinin "Komsomolskaya" və Rustaveli küçələrinin kəsişməsində yaşamışam. üçəmizdə gürcü, rus, azərbaycan, erməni və berzen ailələri yaşayırdılar. Berzen yunanlara deyirdik -, gürcücə belədir. Bir rus, bir azərbaycan, bir gürcü məktəbi vardı - mən evimizə ən yaxın olan rus məkətbində oxuyurdum. 

"Kazaki-razboyniki", Yura Şatunov, Sandra və Sabrina, evdən gizlicə götürüb məktəbə apardığımız maqnitofon, bir-birinə "prokata” verilən kassetlər, bir-birinin dəftərdən cırılmış əlli dəfə bükülmüş vərəqdə sevgi məkrublarını ("zapiska” adlanırdı) daşımaq... Xoşbəxt uşaqlıq və yeniyetməlik... 

Ən gözəl xatirəmi tez-tez yada salıb film kimi yaddaşımda canlandırıram: böyük qardaşımdan Ulan-Batordan əsgərlikdən məktub gələndə bütün qonşular arvadlı-uşaqlı yığışırdı küçəyə. Evimiz tinində bir böyük daş vardı - əlaçı uşaqlardan kimsə çıxırdı o daşın üstünə və ucadan məktubu oxuyurdu, hamı diqqətlə qulaq asırdı. Qardaşımın xətti çox pis idi deyə məktubu oxuyan tez-tez dayanırdı və böyüklü-kiçikli hamı məktubu dartışdırıb oxumağa kömək edirdi...

Sonra hər şey dəyişdi. İki dəhşət girdi həyatımıza: Qamsaxurdia və svanlar. Gürcülər  yığışıb Tbilisiyə mitinqlərə gedirdilər, oradan "Qruziya dlya qruzin (Gürcülər üçün Gürcüstan)” şuarını gətirirdilər. 

Gürcü olmayanları vəzifələrdən çıxartdılar, yadımdadır ki, Dmanisidə "rayispolkom", hakim, prokuror, milisin rəis müavini, müxtəlif vəzifə sahibləri, sədrlər azərbaycanlı idi. Amma hamısı işdən çıxarıldı, yerlərinə Dmanisidən olmayan "yad” gürcülər gətirildi. Beləliklə, "Qruziya dlya qruzin" prosesi başladı. 

Bu şuarla birlikdə Dmanisiyə svanlar da gəldi. Ondan əvvəl heç vaxt svan görməmişdim. Xəbərlər yayıldı ki, Svanetiyada qar sürüşüb kəndlərin üstünə, Azərbaycan da kömək üçün əsgərləri göndərmişdi. Xilasetmə zamanı bir əskərimiz həyatını itirmişdi. Qəzetdən şəklini kəsib saxlayırdıq: adı Rahib idi. 

Svanları Dmanisiyə köçürdülər. Dmanisinin mədəni, çoxdilli, çoxmilli kinoya, konsertə, teatra gedən sakinləri o vaxta qədər ancaq kinolarda gördükləri insan tipi ilə üz üzə qaldılar: başlarında balaca yumru svan papağı, böyürlərində xənçəl və bıçaqlar, heç kimin başa düşmədiyi dildə danışan və başqa dildə "qanıb-qandırmayan”, sivil davranış qaydalarından xəbəri olmayan dağ adamları ilə... 

Nədənsə ancaq oğlanlar və kişilər yadımdadır, heç bir svan qadınlarını yadıma sala bilmirəm, bəlkə, küçəyə çıxmırlarmış... Çox maraqlı idi ki, svanlar azərbaycanlıların ən kompakt yaşadığı Dmanisiyə və Bolnisiyə köçürüldü. 

Biz uşağ idik, onda məsələnin məqsədli olduğunu anlamırdıq. Bundan sonrakılar qorxulu film kimi idi, həyatımız cəhənnəmə döndü. Kefləri istəyən özbaşnalığı etməyə əli-qolu açıq olan svanlar başladılar sığınacaq kimi müvəqqəti gəldikləri Dmansidə at oynatmağa. 

Günün günorta vaxtı azərbaycanlılara hücum edir, döyür, bıçaqlayır, qızları oğurlayıb aparırdılar. Evlərə girib qarət edir, içib özlərini buraxıb küçədə ədəbsizlik edirdilər... Və qəribə idi ki, onlara bir söz  deyən yox idi. Sanki milis-prokurorluq yoxa çıxmışdı. 

Gözəl Dmanisi bandit yuvasına dönmüşdü. Azərbaycanlı qızlar, gəlinlər evdən daha çıxmırdılar, qızların çoxunu artıq məktəbə də qoymurdular. Yadımdadır, svan oğlanlar məktəbimizin girişində yığışırdı, birinci mərtəbənin koridoru boyunca onlarla svan divara söykənib gedib-gələn qızlara sataşırdı. 

Məktəbə girəndə və çıxanda bir-bimizdən bərk yapışıb başımızı qaldırmadan yanlarından az qala qaça-qaça keçirdik və o on-on beş saniyə qorxudan ürəyim ağzımdan çıxırdı. Sonra qaça-qaça ətrafa boylanmadan evə qaçırdıq (məktəb evə yaxın idi deyə mən dərslərdən qalmamaq üçün gedirdim). 

Böyük ikimərtəbəli evimiz vardı. Yataq otaqları ikinci mərtəbədə idi. Atam pəncərələrin qabağını döşəklərlə bağlamışdı ki, atəş açanda qalın döşəklər güllənin qabağını kəssin, biz isə yerdə yatırdıq. Evlərə girib qarət edən svanların hamısında tapançası vardı. Hər an evə girib hamımız öldürəcəklərini, ya da oğurlayıb aparacaqlarını gözləyirdik. O vaxtadək heç vaxt kilid  görməyən və bağlanmayan darvazanı arxadan bərk-bərk bağlı saxlayırdıq.

Həyat sönmüşdü, küçələrə heç kim çıxmırdı, ancaq svanlar küçədə dəstə-dəstə qışqıra-qışqıra (svan dilinin özü də çox aqressiv səslənir) gəziridlər. Dədə-babadan orada yaşayan sakinlər evlərini dəyər-dəyməzə satıb Azərbaycana, Rusiyaya, Yunanıstana köçürdülər. Dmanisi yavaş-yavaş boşaldı. Biz də evimizi satıb Bakıya köçdük. 20 ildən çox keçib üstündən, oralarda da hər şey dəyişib, köçən camaat da ildə bir neçə dəfə gedib-gəlir öz yurduna. Amma mən bir də heç vaxt Dmanisiyə getmədim, baxmayaraq ki, Gürcüstana milyon dəfə getmişəm. O travma qoymadı bir də geri dönüm və heç vaxt keçmədi, sadəcə, yaddaşımın bir küncündə basdırıldı.

Gecə svanların azərbaycanlılara hücum etməsi videosunu görəndən sonra basdırdığım o dəhşətlər canlanıb darmadağın etdi...

Yazı müəllifin feysbuk hesabından götürülüb.